Rəsmi Pekin: “ABŞ-la ticarət danışıqları çətin keçir”

  Rəsmi Pekin:    “ABŞ-la ticarət danışıqları çətin keçir”
  05 Mart 2019    Oxunub:1102
Çinlə ABŞ arasında aparılan ticarət danışıqları iki ölkənin mədəniyyəti, dövlət sistemlərindəki fərqlər və digər amillər səbəbindən olduqca çətin keçir.
Azvision.az xəbər verir ki, bunu Çinin kommersiya naziri Çjun Şan Xalq Nümayəndələrinin Ümumçin Yığıncağında (Çin parlamenti) bəyan edib.

“Son 90 gün ərzində tərəflər yüksək səviyyədə 3 raund danışıqlar keçiriblər. Bu günlərdə Dövlət Şurasının sədr müavini (baş nazirin müavini) Lyu He Çin nümayəndə heyətinə rəhbərlik edərək ABŞ-da danışıqlar aparıb. Məsləhətləşmələr prosesi qeyri-adi formada çətin və əmək sərfedici olub. Dövlət sistemlərindəki, mədəniyyət və inkişaf mərhələlərindəki fərqlər üzündən ölkələrimiz arasında çox böyük fərqlər var. Bununla belə, tərəflər fərqliliklərin qorunub saxlanmasilə konsensusa gəlməlidirlər və bu, böyük səylər tələb edir” - Çjun Şan vurğulayıb.

Onun sözlərinə görə, hazırda işçi qruplar məsləhətləşmələri davam etdirirlər, çünki tərəflər arasında həllini tapmalı hələ bir neçə məsələ var. Və əgər ABŞ-la Çin ticarət mübahisələrinə son qoya bilsələr, bu, nəinki iki ölkə, bütün dünya iqtisadiyyatına fayda verəcək.

Bundan əvvəl ABŞ prezidenti administrasiyası bəyan etmişdi ki, tərəflər məsələ ilə bağlı əhəmiyyətli irəliləyişə nail olublar. Bu isə öz növbəsində Vaşinqtonla Pekin arasında yeni ticarət sazişinin imzalanacağına ümidləri artırıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ticarət   Çin   ABŞ  





Xəbər lenti