Minimum maaş yaşayış minimumunu keçəcək – TƏHLİL

   Minimum maaş yaşayış minimumunu keçəcək –    TƏHLİL
  05 Mart 2019    Oxunub:8606
Məlum olduğu kimi, Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən, bu ayın əvvəlindən, yəni martın 1-dən minimum əməkhaqqının səviyyəsi 38,4% artırılaraq, 180 manata çatdırılıb. Ölkədə ilk dəfə olaraq minimum əməkhaqqı məbləği yaşayış minimumu səviyyəsilə bərabərləşib.

Minimum əməkhaqqının artımı 600 min insanı əhatə etməklə, dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30, özəl sektorda isə 150 min nəfərin əməkhaqqında 25% artımla nəticələnəcək. Artıq dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) də məlumdur.

Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarı ilə müəyyən olunan 19 pilləli VTC dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə etməklə, bilavasitə onların əməyinin ödənişi üzrə sistemi təşkil edir. Qabaqcadan da qeyd olunduğu kimi, 19 pillədən ilk pillədə əməkhaqqı 180 manat məbləğinə qalxmaqla, digər pillələr üzrə də bundan yuxarı olan əməkhaqqı alanların aylıq maaşlarında müəyyən faizlərdə artımın baş verməsinə səbəb olub. Nəticədə, 450 min büdcə işçisinin maaşlarında orta hesabla bayaq qeyd olunduğu kimi, 30% civarında artım yaranıb.

Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı ərzindəsə 335 milyon manat əlavə vəsait ayrılıb.

Minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ödənilən ən aşağı maaş pilləsidir. Məlumdur ki, əmək qanunvericiliyinə əsasən, əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu hesab edilir. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır. İnkişaf etmiş ölkələrdə gündəlik və saatlıq əməkhaqqı ödənişi üzrə minimal hədd sistemi mövcuddur. Ölkəmizdə minimum aylıq əməkhaqqı həddinin və siyasətinin üstünlüyü ondan ibarətdir ki, maaşların aşağı səviyyəsini və yaxud döşəmə vəziyyətini "tutmağa" imkan verir. Bu isə dolayısı ilə həyat şəraitini yüksəltmək yollarını, perespektivlərini, yoxsulluq səviyyəsini azaltmaq və biznesin effektli olması yönündə necə stimul yaratmaq imkanlarını aşkarlamaq üçün çözüm yaradır.

2006-2018-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası belə olub: 2006-cı ilin oktyabrından - 30 AZN, 2007-ci ilin fevralından - 50 AZN, 2008-ci ilin yanvarından - 60 AZN, 2008-ci ilin avqustundan - 75 AZN, 2010-cu ilin sentyabrından - 85 AZN, 2011-ci ilin dekabrından - 93,50 AZN, 2013-cü ilin sentyabrından - 105 AZN, 2017-ci ilin yanvarından - 116 AZN, 2018-ci ilin yanvarından - 130 AZN, 2019-cu ilin martından isə 180 AZN...

Ümumiyyətlə, ölkə vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi uğrunda aparılan siyasətin əsas istiqamətlərindən birini minimum əməkhaqqının ardıcıl olaraq qaldırılması təşki edir. Son 15 ildə Azərbaycanda əmək haqları 7, minimum əmək haqları isə 6,5 dəfə artırılıb. Və təkrar edirəm ki, ilk dəfə olaraq minimum əməkhaqqı məbləği yaşayış minimumu səviyyəsinə bərabər təşkil edilib.

Minimum əmək haqqının artırılması Prezident sərəncamları ilə baş verir. Bu mexanizmin üstün cəhəti odur ki, bütün ölkə, başqa sözlə desəm, iqtisadiyyatın bütün sektorları və sahələri üzrə əməkhaqqı ödənişlərini artırmaq və tənzimləmək mümkün olur. Bir var ki, Prezident sərəncam imzalaya və konkret bir sahədə və ya sektorda maaşlar yüksələ, bir də var ki, bir sərəncamla bütün sahələrdə arta... Minimum əməkhaqqı məhz buna imkan verir. Onun yaşayış minimumu ilə bərabər səviyyəyə çatdırılması isə mexanizmin sosial müdafiənin təmini baxımından effektliliyini təkmilləşdirir. Buna əslində, çoxdan nail olmaq lazım idi və bu, düşünülürdü.

Sözün qısasını qeyd edim ki, yuxarıda qeyd etdiyim kimi dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin yeni vahid cədvəl sistemi də artıq, ortadadır. 19 pillədən ibarət əməyin ödənilməsi dərəcəsi üzrə aylıq tarif (vəzifə) maaşı 180 manatdan başlayaraq 881 manatda bitir. Hər bir pillədə göstərilən rəqəmdən 200 çıxıldıqdan sonra gəlir vergisi, sosial və işsizlikdən sığorta haqqı hesablanaraq, ayrıldıqdan sonra mart ayından əldə olunacaq aylıq maaşı müəyyət etmək mümkündür. Xatırladıram ki, özəl sektor üzrə gəlir vergisi bu ildən ləğv edilib.

Artan əməkhaqlarından sosial və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalacaq ki, bu isə o deməkdir, hər bir işçinin fərdi hesabındakı pensiya kapitalı artacaq və bu da onun gələcək sosial təminatını, habelə bu və ya digər səbəbdən işini itirərsə, təyin olunacaq işsizlikdən sığorta ödənişini yüksək edəcək.

Minimum əməkhaqqı artımının haqqında danışdığımız artımı son deyil. Bu, necə ki, yuxarıda qeyd etdiyimiz kimi indiyədək ardıcıl xarakter daşıyıb, bundan sonra da davam edəcək. Dövlət başçımızın bu ilin fevralın 25-də yanında keçirdiyi iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə, “bu il minimum əməkhaqqı səviyyəsi əhəmiyyətli dərəcədə artırılsa da, bu rəqəm dövləti və hökuməti heç də razı sala bilməz” –deyə, söylədikləri də bunu təsdiq edir. “Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq”,- deyə Prezident vurğulayıb.

Deməli, ölkədə ən aşağı maaş səviyyəsinin yaşayış minimumu həddindən yuxarıda təşkil edəcəyi gün, çox da uzaqda deyil.


Pərviz Heydərov
Azvision.az üçün




Teqlər: Minimum-maaş  





Xəbər lenti