Erməni hərbçilərin ölümünü gizlədənlər cəzalandırılacaq

Erməni hərbçilərin ölümünü gizlədənlər cəzalandırılacaq
  05 Mart 2019    Oxunub:2940
Ermənistan silahlı qüvvələrində və Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan ordusunun hərbi hissələrində qeyri-döyüş şəraitində ölən hərbçilərlə bağlı məlumatları gizlədənlər cəzalandırılacaqlar.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim addımım” blokundan olan deputat, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan jurnalistlərə açıqlamasında qeyri-döyüş şəraitində ölən erməni hərbi qulluqçuları barədə informasiyanı ictimaiyyətdən gizlədən günahkarların cəzalandırılacağını bəyan edib.

“Aydınlaşdırmaq lazımdır ki, hərbçilərimizin ölüm faktı niyə gizlədilib və bütün bunlar haradan idarə olunur. Günahkarlar mütləq aşkar edilib, cəzalandırılacaqlar. Buna şübhəniz olmasın. Mən sizə söz verirəm” – Koçaryan vurğulayıb.

Qeyd edək ki, son 2 ay ərzində Ermənistan ordusunda və onun Qarabağdakı qanunsuz hərbi birləşmələrində 4 hərbçinin öldüyü və hakimiyyətin bu məlumatı əhalidən gizlətdiyi barədə erməi KİV-ləri silsilə yazılar dərc edirlər. Ermənistanın müdafiə naziri David Tonoyan ittihamları rədd edərək bildirib ki, ordudakı istənilən ölüm faktı ilə bağlı gec ya tez, bu və ya başqa formatda məlumat verilir.

Lakin məhz erməni KİV-nin məsələni qabartmasından sonra nəhayət, Ermənistanın Baş Prokurorluğu bu gün rəsmi bəyanatla bildirib ki, yanvarın 1-dən fevralın 20-dək xidməti vəzifəsinin icrası ilə bağlı olmayan 4 hərbi qulluqçunun ölüm faktı qeydə alınıb və məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Ordu   Qarabağ  





Xəbər lenti