Axmaqlarla döyüş günü – 1 : Söyüşkratlara cavab (VİDEOKÖŞƏ)

      Axmaqlarla döyüş günü – 1   : Söyüşkratlara cavab    (VİDEOKÖŞƏ)
  06 Mart 2019    Oxunub:13424
Xahiş edirəm, heç kim bu sözü şəxsinə götürməsin; “axmaqlarla döyüş günü” ifadəsi sovet dövrünün məşhur rok müğənnisi Andrey Makareviçin bir mahnısındandır. Sadəcə olaraq, həmin mahnıdakı ideya elə bil ki, bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində baş verənlərin boyuna biçilib.

Artıq gizlətməyin heç yeri də yoxdur ki, bütün sosial şəbəkələrin – istər feysbuk olsun, istər youtube, istər instaqram,- azərbaycanlılar olan qismində tərbiyəsizlik, mədəniyyətsizlik, nadanlıq, aqressiya aşıb-daşır. Təhqirlər, söyüşlər Yeni İl Karnavalındakı konfetti kimi havada uçuşurlar. Özünü görməzliyə vurmaqla deyil, belə bir halın olduğunu qəbul və etiraf edib, onun üstünə getməliyik. Döyüş təbili çalmağın vaxtıdır. Makareviç necə oxuyurdu? Bu gün ən yaxşı gündür - Qoy, alaylar üzərində dalğalansın bayraqlar! Bu gün ən yaxşı gündür - Çünki bu gün axmaqlarla döyüş var!

Azərbaycan hakimiyyətinə qarşı guya savaşanlar nəyi tənqid və əvəzində nə təklif edirlər? Bilmirəm, bilmirsən, bilmirik! O sadə səbəbə görə ki, mən də, sən də, biz də - hamımız!,- hələ ki onlardan söyüşdən başqa heç nə eşitməmişik. “Fahişə”, “Neçəyə girirsən?” “Neçəyə çıxırsan?, “yaltaq”, “şərəfsiz”, atan belə, anan belə, “soxuldun”, “dürtüldün”... Bu, nədir? Siyasi mübarizədirmi bu!? Dünyanın hansı yerində, hansı ölkədə, cəmiyyətdə siyasi mübarizə bu sözlərlə aparılır?! Gəlin, şərti bəri başdan şumda kəsək ki, sosial şəbəkədə yazılan söyüşlər qətiyyən söyənlərin göstərmək istədikləri kimi, “xalqın səsi”-filan deyil. Söyüş söymək - əxlaqsızlıq və xuliqanlıqdır, bütöv bir xalq isə heç vaxt əxlaqsız və xuliqan ola bilməz. Üstəlik, xalq öz səsini seçki qutusunun arxasında başı və əli ilə ifadə edər, klaviatura arxasında cinsiyyət orqanı ilə yox. Yəni bunu edənlər qətiyyən "xalq" deyil. Bəs elə isə kimdirlər və nə istəyirlər? Çox təəssüf ki, feysbuk, xüsusilə də onun Azərbaycan seqmenti son vaxtlar böyük, iyrənc bir virtual zibilliyə döndərilib. Əgər bu zibillik ancaq yalan xəbərlərin, dezinformasiyaların hesabına yaransaydı, yenə, dərd yarıydı; orada baş çartladan üfunətin əsas mənbəyi, dediyim kimi, söyüşlər, təhqirlərdir. Sanki sosial şəbəkə istifadəçiləri normal danışıq qabiliyyətini itiriblər. Müstəqil fərd, insan olmaqdan çıxıb, üfunətin axıdıldığı virtual kanalizasiya borusuna çevriliblər. Bir insan niyə könüllü şəkildə kanalizasiya borusu olmaq istəsin axı?! Bilirəm ki, bu videoya da mütləq söyüş yazanlar olacaq. Ona görə, üzümü bunu düşünən insanlardan birinə tuturam: Bax, əzizim, niyə sən özünü cəmiyyətə üfunətin axıdıldığı bir kanalizasiya borusuna çevirirsən? Axı sən insansan, nəzəri cəhətdən ali bir varlıqsan. Niyə insanda olan, kanalizasiya borusunda isə olmayan normal, mədəni ifadə imkanlarından istifadə edib, fikrini bildirmək istəmirsən ki?! Tutaq ki, kimsə sənin bəyənmədiyin hakimiyyəti dəstəkləyir. Bu, sənin onu söyməyinə əsas verirmi? O, belə düşünür, siyasəti bu cür görür, özünün doğru saydığı fikri ifadə eləyir. O, özünə siyasi mövqe seçəndə gəlib, bunu səninləmi razılaşdırmalıydı?! Bağışla, əgər elədirsə, bir qələtdir, eləyib, keç günahından!; vaxtında gəlib icazə almalıydıq ki, “Hörmətsiz söyüşkrat bəy, mən filan siyasi mövqedə durmaq istəyirəm, olarmı?” Bəli, istənilən insanın mövqeyilə razılaşmamaq, tənqid etmək, səhvlərini göstərmək olar, hətta lazımdır da!; amma mövqeyinə görə insanı təhqir etmək, hələ ailə üzvlərini də bu təhqirə qatmaq - əxlaqsızlıqdır. Əgər siyasi mövqeyi insanın söymək üçün əsasdırsa, sənin də bir mövqeyin var, eyni məntiqlə, gərək o da səni söysün və belə çıxır ki, söyməlidir də. Amma məsələn, mən bunu istəmirəm axı. Səndən fərqli olaraq, yaşadığım cəmiyyətin böyük bir ...xanaya çevrilməsini, vətəndaş cəmiyyətində “söyüşkratiya” rejiminin qurulmasını is-tə-mi-rəm!!! Baxın, mən bu yazıda məsələnin psixoloji dərinliklərinə getmək, davranışın biheyvioral səbəblərini araşdırmaq fikrindən uzağam. Amma bir də görürsən, məsələn, səhifəmdə siyasi mövqeyimin əks olunduğu çox mədəni, normal bir paylaşımın altında 25-30 nəfər dəmdəməki girib, söyüş söyüb, bir nəfər də guya onların haqlı, mənim haqsız olduğumu qabartmaq üçün yazıb: “Vüsal, sən bu söyüşlərdən heçmi nəticə çıxarmrsan?!” Əlbəttə, çıxarıram. Heç elə şey olar? Mən o söyüşlərdən çox maraqlı nəticələr çıxarıram. Məsələn, birini deyim; nəticə çıxarıram ki, bu söyüş söyən tüllab yəqin, ailəsində belə görüb-götürüb; yəqin, onun böyüdüyü ailədə atası ilə məsələn, dayısı siyasi baxışları üst-üstə düşməyəndə, bir-birlərini söyüş şırnağının altına salırmışlar. Bir halda ki, normal, sivil cəmiyyətdə siyasi baxışlara görə insanı söymürlər, demək, bu kərpicbaş normal, sivil cəmiyyətin institutlarında yetişməyib də! Mağaradan çıxıb. Və bu haqda özü informasiya verir. Yəqin, onun çıxdığı mağarada qayda bu cür imiş! Bəli, söyüşdən həqiqətən də maraqlı nəticələr çıxarmaq olur. Amma söyülənin yox, söyənin haqqında .  Mənə ünvanlanan söyüş mənim barəmdə heç bir informasiya vermir, buna görə heç vaxt, qətiyyən narahat olmuram. Məntiqi baxımdan “Vüsal yaltaqdır”, “Vüsal satqındır”, “Vüsal şərəfsizdir”, “Vüsal biqeyrətdir” kimi sözlər, tutalım, “Vüsalın 9 qulağı var”, “Vüsalın 17 barmağı var”, Ay nə bilim, “burnunun deşiyində kərtənkələ yaşayır” kimi iddialarla eyni qüvvədədir, eyni dəyərə malikdir. Kiminsə “Vüsalın 9 qulağı var” deməyi məni nə qədər narahat eləyirsə, “Vüsal yaltaqdır”, “şərəfsizdir”, “girəndir”, “çıxandır” deməyi də ən uzağı, o qədər narahat eləyir. Yəni, eləmir. Çünki bu sözlər özündə mənimlə bağlı heç bir informasiya, heç bir məna yükü daşımır. Boş hərf yığınından başqa heç nə deyillər. Amma o hərfləri yazan həriflərin haqqında çooox böyük və vacib informasiyalar verirlər. Hər şeydən qabaq, dediyim kimi, onların necə ailədən çıxdıqları, necə mühitdə tərbiyə al(ma)dıqları aydınlaşır. İstənilən insana münasibəti formalaşdıranda isə məhz bu, əsas şərt olmalıdır. Vüsal Məmmədov Azvision.az




Teqlər: Söyüş   Müxalifət  





Xəbər lenti