ABŞ “S-400”lərə görə Türkiyəyə sanksiya tətbiq edə bilər

ABŞ “S-400”lərə görə Türkiyəyə sanksiya tətbiq edə bilər
  06 Mart 2019    Oxunub:1690
“Ankaranın Rusiyadan “S-400” zenit-raket komplekslərini alması Türkiyənin ABŞ-ın 5-ci nəsil “F-35” qırıcı təyyarələrinin istehsalı proqramında iştirakının dayandırılması, ona qabaqcıl texnologiyaların satışından imtina və eləcə də, sanksiyalarla nəticələnə bilər”
Azvision.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Robert Palladino keçirdiyi brifinqdə deyib.

Bildirib ki, “S-400”lərin əldə edilməsinə görə Türkiyəyə qarşı sanksiyalar “Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə müqavimət” (“Countering America’s Adversaries Through Sanctions Act”) haqqında qanuna müvafiq olaraq tətbiq edilə bilər. Həmçinin, Ankaranın Rusiyanın hava hücumundan müdafiə sistemlərindən imtina etməməsi gələcəkdə Türkiyəyə silah tədarükü imkanlarını da sual altında qoyacaq.

Qeyd edək ki, 2017-ci ildə imzalanan müqavilə ilə Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd “S-400” divizyonu alacaq. İlk divizyon artıq bu ilin yayında təhvil veriləcək. Lakin ABŞ və NATO rəsmiləri Rusiyanın raket sisteminin Türkiyədə yerləşdirməsinin Moskvaya NATO təyyarələrində istifadə edilən həssas və məxfi texnologiyaya çıxış imkanı verə biləcəyini iddia edirlər. Ankaranın prinsipiallığı qarşısında ötən ilin dekabrında ABŞ Dövlət Departamenti Türkiyəyə 3,5 milyard dollarlıq “Patriot” hava hücumundan müdafiə sisteminin satışına icazə verib. Lakin Türkiyə rəhbərliyi “S-400”lərə alternativ kimi baxmadıqlarını və Moskva ilə sazişi pozmayacaqlarını deyirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Rusiya   ABŞ   S-400  





Xəbər lenti