Metyu Brayza CNN-ə Azərbaycandan danışdı

Metyu Brayza CNN-ə Azərbaycandan danışdı
  15 Noyabr 2013    Oxunub:1375
“Prezident İlham Əliyev üçüncü müddətə seçilərkən hər hansı real rəqabətlə qarşılaşmayıb”
“Prezident İlham Əliyev üçüncü müddətə seçilərkən hər hansı real rəqabətlə qarşılaşmayıb, lakin ATƏT müşahidəçiləri seçki prosesinin tənqidində sərt mövqe tutublar”.

Bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Estoniyada Müdafiə və Təhlükəsizlik üzrə Beynəlxalq Mərkəzin direktoru olan Metyu Brayza CNN üçün yazdığı məqalədə bildirib.

M. Brayza İ. Əliyevin Azərbaycandakı populyarlığını xüsusi qeyd edib: “Prezident İlham Əliyev Azərbaycanda doğrudan da populyardır. İki il əvvəl mən Azərbaycanda səfir vəzifəsində çalışarkən İ. Əliyevin müsbət reytinqi 83-86 faiz təşkil edirdi. Qərb ölkələrindəki siyasi liderlər üçün ola bilsin ki, təsəvvürə gəlməz olan bu rəqəmlər onun malik olduğu dəstəyi və Azərbaycan vətəndaşlarının sabitliyə çox önəm verdiyini göstərir”.

M. Brayza Azərbaycanın ciddi iqtisadi uğurlara nail olduğunu, bununla yanaşı, ölkədə bir sıra problemlərin qaldığını söyləyib: “Gənc azərbaycanlılar inhisarçı sistemdən məmnun deyillər. Hökuməti istefaya çağıran Facebook fəalları və jurnalistlər tez-tez konfrontasiya ilə üzləşirlər, təhsil və səhiyyə sahələri də daxil olmaqla, korrupsiya hələ də qalır. Xoşbəxtlikdən, islahat küləyi əsə bilir. Ötən yaz ayları korrupsiyalaşmış əfsanəvi təhsil naziri gənc islahatçı il əvəzləndi. Başqa müsbət dəyişikliklər də baş verir”.

M. Brayza yazıb ki, Azərbaycan cəmi 22 illik müstəqillik tarixində başgicəlləndirici modernizasiya yaşayıb və ölkə bu gün də bəzi problemlərlə qarşılaşsa da, ABŞ və onun avropalı müttəfiqləri Azərbaycanı diqqətdən kənarda qoymamalı, bunun əvəzinə bu kiçik, lakin strateji cəhətdən vacib ölkə ilə bölüşdükləri maraq və dəyərlər spektrinə nail olmalıdırlar. Diplomatın sözlərinə görə, Azərbaycan terrorçuluqla mübarizədə və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır və hər gün Avropa və dünya bazarlarına təxminən 700 000 barel neft çıxaran önəmli tərəfdaşdır.


Teqlər:





Xəbər lenti