20 il əvvəl Niderlanda köçən bakılı rəssam
Əsasən Azərbaycan miniatür məktəbindən gələn ənənəni modern üsulda təqdim edən Rasim bəyin öz dəsti xətti var. Yağlı boya ilə işləməyə daha çox üstünlük verir. Kompazisiya, portret ən çox çəkdiyi əsərlərdəndir.
Ömür-gün yoldaşı Vəfa Rüstəmova da rəssamdır. İki övladı var. Oğlu Hüseyn 27 yaşındadır, ali təhsillidir. Qızı Leyla isə orta məktəbdə təhsil alır.
Niderlandda yaşadığı müddətdə 100-ə yaxın sərgidə iştirak edib, onların bir çoxu fərdi sərgiləri olub. Bütün bunlarla yanaşı pedaqoji fəaliyyətlə də məşğuldur. 2008-ci ildən Sintlucas Boxtel Universitetində rəssamlıqdan dərs deyir.
Hamı kimi onun da arzuları var. İstəyir ki, əsərlərindən ibarət fotoalbom ərsəyə gətirsin, şəxsi qalareyası olsun. Övladlarının hər birini xoşbəxt görmək onun ən böyük arzusudur.
Azərbaycan naminə keçirilən ictimai tədbirlərdə iştirak edir. Milli, rəsmi bayramlarımızda tez-tez soydaşlarımızla bir araya gəlir. Sonuncu dəfə Brüseldə Avropa parlamentinin qarşısında Xocalı soyqrımına həsr olunan tədbirdə iştirak edib. Azərbaycanı çox sevdiyini dilə gətirib, istedadlı xalq olduğumuzu söyləyir.
Bəli, rəssamlara xas olan təmkinlə öz həyatından danışan bu istedadlı soydaşımız, böyük yol keçib. Qürbət ölkədə əsl Azərbaycan kişisinə xas olan xarakterik xüsusiyyətləri ilə xalqımıza başucalığı gətirir. Vətənimizi Niderlandda ləyaqətlə təmsil edir. Müdrik mülahizələri, kübar mədəniyyəti, yüksək davranışı ilə adamı heyran edən bu vətənpərvər rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Azvision.az
Teqlər: Rəssam