Tarasov: “Qarabağla bağlı yeni saziş hazırlanır”
“Çox az adam buna diqqət yetirdi, amma nazirlərin görüşündə Minsk qrupunun yeni statusu müəyyənləşdirildi. Ermənistan XİN-in rəhbəri bəyan etdi ki, “biz Məmmədyarovla razılaşırıq və sonra bizim təkliflərimiz ATƏT-in Minsk qrupu tərəfindən baxılır”. Yəni onlar razılaşırlar, həmsədrlər də bunu formal müstəviyə daşımağa çalışırlar. Əvvəllər isə Minsk qrupu hansısa ssenarilər, təklif və planlarla çıxış edirdilər, tərəflər də onları ya qəbul, ya da rədd edirdilər”.
Tarasov bildirir ki, Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Düşənbədə, Sankt-Peterburq və Davosdakı şəxsi görüşləri də Minsk qrupu formatından kənar baş tutmuşdu. “Liderlərin Düşənbədəki ilk qeyri-rəsmi görüşündən sonra təmas xəttində gərginlik azaldı və operativ əlaqə yaradıldı. Amma ssenari pozulmağa başladı və Minsk qrupu münaqişə zonasına qayıdaraq Ermənistan və Azərbaycan liderləri arasında keçiriləcək ilk rəsmi görüşün anonsunu verdi. Amma Tehrana səfərində Paşinyan sensasion bəyanat verərək dedi ki, Əliyevlə görüşləri danışıqlar deyil və Azərbaycan prezidenti ilə razılaşıblar ki, ilk fürsətdəcə yenidən görüşsünlər. Onda sual yaranır: əgər Əliyevlə Paşinyan özləri razılaşıblarsa, onda Minsk qrupunun buna nə aidiyyatı? Amma əgər tərəflər deyirsə ki, biz görüşməyə hazırıq, bu, o deməkdir ki, müzakirə etdikləri hansısa işçi layihə və ya saziş var və bu barədə məlumat verilmir. Bu, aydındır.”
Lakin rusiyalı politoloqun fikrincə, hansısa kompromis əsasında münaqişənin həlli ilə bağlı tərəflərin danışıqları dalana dirəndiyindən təşəbbüs yenidən Minsk qrupunun əlinə keçib və həmsədrlər əvvəlki gündəliyi təklif edirlər. Tarasov vurğulayır ki, Bakı nizamlanmaya dair dəyişməz mövqeyini davam etdirirsə, onda Ermənistanda sabiq hökumətin siyasətini və onun Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tənqid edərək hakimiyyətə gələn inqilabçılar münaqişənin həllinə dair öz “nou-hau”larının nədən ibarət olduğuna aydınlıq gətirməlidirlər: “Amma onlar bunu etmirlər və üstəlik, Minsk qrupu çərçivəsində danışıqların köhnə formatına qayıdıblar. Bu, onu göstərir ki, İrəvan Qarabağ məsələsi ilə bağlı öz ssenarisini hələ hazırlamayıb”.
Tarasov onu da vurğulayıb ki, Ermənistandakı seçkilər öncəsi İlham Əliyev bir növ Paşinyanı “dəstəklədi” və təmas xəttində atəşkəsin qorunmasına dair şifahi razılıq əldə olundu. Halbuki, rəsmi Bakı Ermənistandakı inqilabdan istifadə edərək müharibə başlada və öz torpaqlarını geri qaytara bilərdi. Rusiyalı politoloqun sözlərinə görə, bunun baş verməməsinin səbəbi Azərbaycan rəhbərliyinin Paşinyanın konstruktiv addım atacağına ümid etməsi idi.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Azərbaycan Ermənistan DağlıqQarabağ Minskqrupu ATƏT Rusiya