Buraxılış imtahanına hazırlaşan şagirdlərin nəzərinə!

Buraxılış imtahanına hazırlaşan şagirdlərin nəzərinə!
  07 Mart 2019    Oxunub:3229
Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) 27 şəhər və rayonda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.
Azvision.az Dövlət İmtahan Mərkəzinin 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələrini təqdim edir:

İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 santimetr ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmamalı;

“İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlməli;

İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;

İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşməli;

İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;

Zal nəzarətçisinin verdiyi cavab vərəqlərində və sual kitabçasında yazılmış məlumatların abituriyentə aid olduğunu dəqiqləşdirmək, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat vermək;

Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxumaq və imza ilə təsdiqləmək;

Sual kitabçasını və cavab vərəqlərini qatlamamaq, əzməmək, orada lazımsız qeydlər aparmamaq;

Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır;

“Sual kitabçası”nda 45 test tapşırığı təqdim olunur: 1-15 nömrəli tapşırıqlar xarici dil, 16-35 nömrəli tapşırıqlar Azərbaycan dili, 36-45 nömrəli tapşırıqlar riyaziyyat fənninə aiddir. Tapşırıqların cavablandırılması üçün 3 saat vaxt ayrılır;

Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır;

“Cavab vərəqləri” 2 hissədən ibarətdir:

- I hissə– qapalı tipli tapşırıqlar üçün;

- II hissə –ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan tapşırıqlar üçün.

Birinci hissə xarici dili fənnindən 1-4 və 7-11, Azərbaycan dili fənnindən 16-20 və 26-30 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.

İkinci hissə xarici dili fənnindən 5-6 və 12-15, Azərbaycan dili fənnindən 21-25 və 31-35, riyaziyyat fənnindən 36-45 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.

İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şərait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək.

Səhv cavabların nəticələri düz cavablara təsir etmir.

1-4, 7-11, 16-20, 26-30 nömrəli tapşırıqlar qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlarda 5 cavab variantından yalnız biri doğrudur. İmtahan verən doğru bildiyi variantı seçib “Cavab vərəqləri”nin I hissəsində həmin sualın nömrəsinə uyğun sətirdə müvafiq dairəni qaralamalıdır. İki və daha artıq dairə qaralanarsa, cavab səhv hesab edilir. 5-6, 12-15, 21-25, 31-35, 36-45 nömrəli tapşırıqlar ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqların həllərini və cavablarını “Cavab vərəqləri”nin II hissəsində həmin tapşırıqların cavablandırılması üçün ayrılmış hissədə səliqəli və oxunaqlı xətlə yazmaq lazımdır.

Dinləmə mətni üzrə təqdim olunmuş 1-6 nömrəli tapşırıqları cavablandırmazdan əvvəl nəzarətçinin audioqurğuda səsləndirdiyi mətni diqqətlə dinləmək lazımdır.

Dinləmə mətni üzrə tapşırıqların yerinə yetirilməsi aşağıdakı mərhələlərdə aparılır:

Dinləmə mətni üzrə verilən tapşırıqlarla tanışlıq – 2 dəqiqə;

Mətnin ilk dəfə səsləndirilməsi;

Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra tapşırıqlara bir daha baxılması – 2 dəqiqə;

Mətnin ikinci dəfə səsləndirilməsi;

Dinləmə mətni üzrə verilən tapşırıqların yerinə yetirilməsi.

Nəzərə almaq lazımdır ki, dinləmə mətni imtahan zamanı yalnız iki dəfə səsləndiriləcək.

Riyaziyyat fənni üzrə hər bir tapşırığı cavablandırarkən onun həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, həlli yazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək;

43-45 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə almaq lazımdır ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;

Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd etmək və ya yazmaq lazımdır;

Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti