Birinci sinfə şagird qəbuluna başlanılır
Martın 11-dən 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə şagird qəbulu sistemində avtomatik elektron sorğu yaradılacaq.
Ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.
Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat mərkəzlərində aparılacaq. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək.
2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul qaydası elektron formada həyata keçiriləcək.
Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.
Azvision.az