Mənəvi Dəyərlərin Təbliği Fondu şəhid analarını sevindirdi - Fotolar

Mənəvi Dəyərlərin Təbliği Fondu şəhid analarını sevindirdi -    Fotolar
  07 Mart 2019    Oxunub:3021
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Keçmişdən gələcəyə Azərbaycan qadını” mövzusunda konfrans keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Millət vəkili Qənirə Paşayeva, “Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev şəhid anaları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Konfransı giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bütün zamanlarda cəmiyyətimizdə daim qadına böyük hörmət və ehtiram göstərildiyini, dünyaya həyat bəxş edən ana adının uca tutulduğunu və bu kimi mədəni-əxlaqi keyfiyyətlərin Azərbaycan mentalitetinin, milli-mənəvi, mədəni dəyərlər sisteminin ayrılmaz və həmişəyaşar bir hissəsinə çevrildiyini vurğulayıb. O, həmçinin tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərini bayram münasibətilə təbrik edərək Vətən uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət diləyib.



Tədbirdə çıxış edən Millət vəkili Qənirə Paşayeva bütün şəhidlərin analarını, bacılarını, həyat yoldaşlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək qeyd edib ki, şəhidlərimiz kimi, onların anaları, bacıları, ailə üzvləri də bizim üçün çox qiymətlidirlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər kimi şəhid anaları da müqəddəs və dəyərlidir. Çünki bu xanımlar vətənin çətin günündə onu müdafiə edən və uğrunda şəhid olan dəyərli oğullar, qızlar böyüdüb. Onların xatirəsi bizlər üçün əzizdir.



“Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə həyata keçirdiyi tədbirlərlə hər zaman şəhid ailələrinin yanında olduğu üçün Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirdi. O, söylədi ki, həm dövlətimiz, həm də müxtəlif təşkilatlar tərəfindən göstərilən diqqət və qayğı onları qürurlandırır.



Daha sonra çıxış edən “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, qadınların həyatın müxtəlif sahələrində fəaliyyətinin təmin edilməsi dövlət qadın siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasət hər bir azərbaycanlı qadının inkişaf və tərəqqi etməsində stimul rolunu oynamaqdadır. Qadınlar bu gün müxtəlif idarə, müəssisə və təşkilatlarda, eləcə də dövlət qurumlarında lazımi səviyyədə təmsil olunur, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. “Keçmişdən gələcəyə Azərbaycan qadını” mövzusunda təşkil olunmuş konfrans bədii hissə ilə davam edib.




Azvision.az


Teqlər: 8-Mart  





Xəbər lenti