TQDK :`493 nəzarətçi bazadan xaric edildi`

TQDK :`493 nəzarətçi bazadan xaric edildi`
  15 Noyabr 2013    Oxunub:1217
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul və buraxılış imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təkmilləşdirilməsi, onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçiminin meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Cari ilin qəbul imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən qəbul imtahanlarına 6105 müəllim cəlb edilib, nümunəvi fəaliyyətinə görə 574 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib.

Qeyd edək ki, TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb. İndiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 1571 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 222 müəllim fəxri fərmanlarla təltif edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti