Ukraynada millətlər ittifaqının rəhbəri azərbaycanlı oldu
AzVision.az Trend-ə istinadən xəbər verir ki, təqdimatda dövlət və hökumət rəsmiləri, deputatlar, Ukraynada fəaliyyət göstərən bir çox xalqların təmsil olunduğu cəmiyyətlərin sədrləri, Ukraynanın ilk Prezidenti, MDB-nin təsisçilərindən olan Leonid Kravçuk, ölkənin tanınmış ictimai və siyasi xadimləri, xarici diplomatik korpusların nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Təqdimatda qeyd olunub ki, təşkilatda Ukrayna Macarları Konqresi, Ukrayna Yəhudi Forumu, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və ölkədə yaşayan digər etnik xalqların cəmiyyətləri də daxil olmaqla bir çox milli icmalar birləşir.
Tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukrayna Millətlər Assambleyasının prezidenti kimi təqdim olunub.
R.Tağıyev çıxışında qədim tarixə malik Ukraynada uzun əsrlərdən bəri yaşayan bir çox xalqların bu ölkənin tamhüquqlu üzvləri kimi ölkənin inkişafında ciddi rol oynadığını bildirib.
Müstəqil Ukrayna dövlətinin qurulmasında, bu ölkədə çoxsahəli islahatların aparılmasında Ukraynada yaşayan azsaylı xalqların da yaxından iştirakına diqqət çəkən R.Tağıyev ətrafında onlarla millətin icmalarını birləşdirən Ukrayna Millətlər Assambleyasının qarşısında duran vəzifələrdən danışıb. O, təşkilatın Ukraynada yaşayan millətlərin tolerantlıq prinsipinin güclənməsinə, millətlərin problemlərinin həll olunmasına və s. xidmət edəcəyini bildirib.
Ukraynanın ilk Prezidenti L.Kravçuk isə çıxışında deyib ki, Ukrayna dövlətinin yaranmasında və mövcudluğunda burada yaşayan etnik xalqların da rolu az deyil. O, qeyd edib ki, bundan sonra da Ukraynanın dövlət kimi güclənməsində burada yaşayan millətlərə böyük ehtiyac var.
Ali Radanın deputatı Oles Doniy də yeni yaranan millətlər ittifaqının əhəmiyyətindən və bunun Ukrayna dövlətinin indiki vəziyyətində vacibliyindən danışıb.
Çıxış edən digər millətlərin nümayəndələri və qonaqlar da Assambleyaya uğurlar arzulayaraq gözləntilərinin çox olduqlarını bildiriblər.
Tədbirdə bir çox beynəlxalq təşkilatların, xarici ölkə parlamentlərinin təbrik məktubu da oxunub.
Teqlər: