Məhkəmə ekspertizasi ilə bağlı yeni dərslik

Məhkəmə ekspertizasi ilə bağlı yeni dərslik
  11 Mart 2019    Oxunub:3274
Məhkəmə ekspertizası sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən yazılmış “Məhkəmə ekspertizası” dərsliyi dövlət təhsil standartlarına uyğun olaraq Azərbaycan dilində hazırlanmış ilk dərslikdir.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, cinayət, mülki və inzibati mühakimə icraatında məhkəmə ekspertizası formasında xüsusi biliklərin tətbiqinin müasir imkanlarını əks etdirən dərslikdə məhkəmə ekspertizasının ümumi (prosessual, təşkilati, metodiki) və xüsusi (sinif, növ, cins) məsələləri nəzərdən keçirilib. Burada xüsusi biliklərin anlayışı və tətbiqi formaları, məhkəmə ekspertizasının anlayışı, predmeti, obyektləri, ekspert məsələləri və onların növləri, məhkəmə ekspertizası elmi və onun inkişaf qanunauyğunluqları şərh olunub, konkret ekspertiza növləri təhlil edilib və həmin ekspertizalar üzrə ekspertlər tərəfindən həll edilməli olan sualların siyahısı və təcrübi tövsiyələr verilib.

Məhkəmə ekspertizası nəzəriyyəsinin inkişafı məhkəmə ekspertizası tədris fənninin formalaşmasını şərtləndirib. Bu fənn tələbələrdə məhkəmə ekspertizasının anlayışı, əhəmiyyəti, obyekti və predmeti, növləri və onların mülki, cinayət və inzibati işlər ilə bağlı icraat üzrə keçirilməsinin səciyyəvi xüsusiyyətləri, ekspertin həll etdiyi məsələlər və onların təsnifatı, bu sahədə fəaliyyətin təşkili, ekspertizaların aparılmasında müasir texnologiyaların tətbiqi və digər məsələlər haqqında təsəvvür yaratmış olur.

Bu fənnin tədrisində əsas məqsəd cinayətlərin açılmasında, istintaqında və qarşısının alınmasında, habelə mülki, inzibati və cinayət işləri üzrə icraatın aparılmasında xüsusi biliklərin tətbiqi şərtlərinin, ayrı-ayrı ekspertiza növlərinin xüsusiyyətlərinin, məhkəmə ekspertizasının hüququn sahələri ilə qarşılıqlı əlaqəsinin tələbələr tərəfindən dərk edilməsidir.

Hər bir gənc hüquqşünas ekspert rəyinin tərtib olunması, ayrı-ayrı ekspertiza növləri üzrə ekspert qarşısında qoyulan sualların düzgün formulə edilməsi, ekspertizanın hazırlıq və tədqiqat mərhələlərində, eləcə də ekspert rəyinin qiymətləndirilməsi zamanı ekspertlərlə təmas qurulması vərdişlərinə yiyələnməklə yanaşı, ekspertizanın təyin olunması və aparılması zamanı qanunvericilik normalarını da rəhbər tutmalıdır ki, bütün bunlar “Məhkəmə ekspertizası” fənninin tədrisi prosesində mütləq şəkildə nəzərə alınır.

Müəlliflər kollektivi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi h.ü.e.d., prof. F.M.Cavadov və rəis müavini h.ü.f.d. H.Ə.Musayev, “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının müdiri, h.ü.e.d., prof. K.N.Səlimov və h.ü.f.d., dosent İ.S.Abbasova, h.ü.e.d. M.H.Mustafayev, h.ü.f.d., dosent B.M.Əsgərov və h.ü.f.d. G.A.Rzayeva tərəfindən yazılmış “Məhkəmə ekspertizası” dərsliyi bakalavriat və magistratura proqramı üzrə materialların şərh olunmasının əsas metodiki prinsiplərindən istifadə olunmaqla hazırlanıb.

Bu zaman, həmçinin xarici və yerli mənbələrə müraciət edilib, ayrı-ayrı mövzular üzrə müqayisəli təhlillər aparılıb, eləcə də əyaniliyin təmin olunması məqsədilə təcrübədən götürülmüş ekspert rəylərinə və sair materiallara istinad olunub.

Nəşrdə məhkəmə ekspertizasının perspektiv inkişaf istiqamətlərindən biri kimi müstəqil elm sahəsinin – məhkəmə ekspertologiyasının yaradılması zəruriliyinin əsaslandırılmasına da cəhd edilib. Kitab Azərbaycan dilində hazırlanmış ilk dərslik olduğundan, şübhəsiz ki, bir sıra qüsur və çatışmazlıqlardan azad deyildir. Müəlliflər kollektivi onların aradan qaldırılması üçün təklif, arzu və iradlarını bildirən dəyərli oxuculara əvvəlcədən öz minnətdarlığını bildirir.
Kitab Zaqafqaziyada ilk qadın kriminalist-alim, respublikamızda ilk Kriminalistika və məhkəmə ekspertizası kafedrasının yaradıcısı, adı yüzlərlə hüquqşünasın yaddaşına əbədi həkk olunan, əziz müəllimimiz-professor Kamilə xanım Sarıcalinskayanın unudulmaz xatirəsinə ithaf olunub.

Dərslik tələbələr, doktorantlar, ali məktəb müəllimləri, həmçinin təhqiqat, istintaq, ekspertiza, məhkəmə orqanlarının işçiləri və bütövlükdə respublikanın elm və hüquq ictimaiyyəti üçün nəzərdə tutulub.

Azvision.az



Teqlər: Ədliyyə   Kitab  





Xəbər lenti