ABŞ-da Azərbaycan muğamlarını dinləyən həkim - FOTO

  ABŞ-da Azərbaycan muğamlarını dinləyən həkim -    FOTO
  12 Mart 2019    Oxunub:6565
Bu dəfəki söhbətimi gənc həkimlərə xoş müjdəylə başlamaq istəyirəm. ABŞ hökumətinin xüsusi rezidentura proqramı var ki, universitetlərə, xəstəxanalara xaricdən tələbələr cəlb etmək göstərişi verilib. Tələb olunan imtahanlardan müvəfəqiyyət qazanan gənclərin rezidenturada təhsili ödənişsizdir. Və hətta rezidentlərə hər ay maaş da veriləcək. Bunun üçün nə tələb edilir, sualına cavab olaraq bildirmək istəyirəm ki, ilk addım kimi www.ecfmg.org saytına daxil olub, qeydiyyat hesabı yaradaraq müsabiqəyə qoşulmaq lazımdır. Müsabiqə ödənişlidir. Hər bir namizəd dörd imtahan verməlidir, imtahanların ikisi Türkiyədə, ikisi isə ABŞ-da keçirilir.
İndi isə növbəti qəhrəmanımdan danışmaq istəyirəm. Elçin Zeynalov 1979-cu ildə Bakıda dünyaya gəlib. 1996-cı ildə 275 nömrəli orta məktəbi bitirərək Azərbaycan Tibb Universitetinə qəbul olunub və 2001-ci ilədək orada həkim ixtisasına yiyələnib. Sonra bir il xəstəxanalardan birində internatura keçib. 2002-2004-cü illərdə ön cəbhədə yerləşən N saylı hərbi hissənin tabor tibb xidmətinin rəisi olub. 2005-2010-cu illərdə "MediClub"da həkim terapevt işləyib.

2010-cu ildən Amerikada yaşayır. Həkimlərin "USMLE" imtahanlarını verdikdən sonra 2013-cü ilədək Nyu Yorkdakı "St. Johns Episcopal Hospital"ında rezidentura keçib. Burada olarkən baş rezident vəzifəsinədək yüksələ bilib. 2013-2017 ci illərdə Nyu Meksika ştatının Albuquerque şəhərində fəaliyyət göstərən "Presbyterian Hospitalı"nda daxili xəstəliklər və intensiv terapiya həkimi işləyib. 2017-2018-ci illərdə Nyu Meksika Universitetində təhsilini davam etdirərək yuxu təbabəti həkimi ixtisasına yiyələnib. 2018-ci ildən "Lovelace Hospital"da yuxu təbabəti həkimi kimi çalışır.

Atası Fərman Zeynalov əslən Cəbrayıl rayonunun Həsənqaydı kəndindəndir. Filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin professorudur. Hazırda universitetin ingilis dilinin fonetikası kafedrasının müdiridir.



Anası Yeganə xanım Zeynalova uzun illər orta məktəbdə ibtidai sinif müəllimi işləyib, hazırda təqaüddədir.

Deyir ki, "Amerikaya təhsilini davam etdirmək üçün gəlmək istəyən həkimlər heç nədən çəkinməsinlər. Burada həkimlərə təlabat böyükdür və onları geniş imkanlar gözləyir".

Tenis, basketbol oynamağı, marafon qaçmağı çox xoşlayır. Hər gün səhər Azərbaycanın xəbər portallarını izləyir. Klassik musiqimizin, muğamın vurğunudur. Xan Şuşinskinin, Alim Qasımovun, Akif İslamzadənin, Flora Kərimovanın, Teymur Əmrahın ifasında mahnılarımızı dinləməkdən zövq alır.

Ömür-gün yoldaşı Rina xanım Zeynalova Flippin əsilli amerikalıdır. Daxili xəstəliklər həkimidir. Nyu-Yorkda eyni hospitalda çalışarkən tanış olub, ailə qurublar. Ərən adlı bir oğlu var. Ərən 7 yaşındadır.

Elçin həkim çox əzmkar, iradəli insandır. İnamla gələcəyə doğru irəliləyir. Söylədiyinə görə, yuxu təbabəti bizim ölkə üçün yeni sahədir. İnşəallah bu ixtisasa mükəmməl yiyələnəndən sonra, vətənə dönüb tibbin bu sahəsinin bünövrəsini qoymaq istəyir.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: Amerika   Həkim  





Xəbər lenti