“BDU-da ciddi islahatlar aparılmalıdır” - Ekspertdən yeni rektora tövsiyə

 “BDU-da ciddi islahatlar aparılmalıdır” -  Ekspertdən yeni rektora tövsiyə
  12 Mart 2019    Oxunub:4371
Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilən Elçin Babayev bu gün ali məktəbin kollektivinə təqdim olunub. Onu kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib.
Təhsil eksperti Etibar Əliyev yeni təyinatadək Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olan E.Babayevin BDU-ya rektor təyin olunmasına münasibət bildirib, ondan gözləntilərini açıqlayıb.

Ekspert Azvision.az- bildirib ki, hazırda Bakı Dövlət Universitetində ciddi islahatlara ehtiyac var. Onun sözlərinə görə, E.Babayevin BDU-ya rəhbər təyin olunması doğru addımdır.

“Vaxtilə təbiət elmlərinin beşiyi sayılan universitetdə hazırda təhsilin və elmi tədqiqatların səviyyəsi xeyli aşağı düşüb. Əvvəlki nüfuzu bərpa etmək üçün islahalarlar vacibdir. Elçin Babayevlə eyni vaxtda təhsil almışıq. O, ali təhsili bitirdikdən sonra da vaxtını elmə həsr etmiş insandır. Bu bün Bakı Dövlət Universitetinin qaşrısında duran əsas hədəf onun tədqiqat ali təhsil müəssisəsinə çevrilməsidir. Əgər bu universitetdə elmi tədqiqatlar normal şəkildə aparılmırsa, dünyanın heç bir aparıcı reytinq cədvəllərində yer tuta bilməz”.

E.Əliyev vurğulayıb ki, BDU-da təhsil mühitinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görülməlidir: “Burada uzun illər kafedra müdiri vəzifələrini tutan şəxslər var. Bu cür hallar tənəzzülə gətirib çıxarır. Düşünürəm ki, rasional addımlar atılmalıdır. Bütün hallarda universitetin rəqabət mühitində iştirakını təmin etmək lazımdır. Bu istiqamətdə Elçin Babayevin bilik və bacarığı yetərlidir. O, hansı komanda ilə işləməsi barədə ciddi şəkildə düşünməlidir. Çünki BDU bizim fəxrimizdir və ən yaşlı universitetdir. 100 yaşlı universitetin reytinq cədvəllərində yer tutması üçün başda rektor olmaqla kollektiv əlindən gələni əsirgəməməlidir”.

Təhsil eksperti qeyd edib ki, yeni universitet modeli qurmaq və təqdim etmək barədə düşüncüələr aydındırsa, inqilabi dəyişiklik etmək mümkündür. “Bakı Dövlət Universitetinin xeyli sayda istedadlı professor-müəllim heyəti dünyanın əksər ölkələrinə səpələnib. Hətta 100-dən çoxu Türkiyədədir. Bunlar potensiallı elmi işçilərdir. Bu istiqamətdə addımlar atılmalıdır. Lakin bir daha qeyd etmək istəyirəm ki, Elçin Babayevin potensialı bu işləri həyata keçirmək üçün yetərlidir”.

Qeyd edək ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub. Bundan sonra rektorluq vəzifəsinin icrası təhsil nazirinin müavini Firudin Qurbanova həvalə edilmişdi.

Aytən Zəhra
Azvision.az


Teqlər: BDU   Elçin-Babayev   Etibar-Əliyev  





Xəbər lenti