Büdcəmiz niyə artıq qalır? – TƏHLİL

Büdcəmiz niyə artıq qalır? – TƏHLİL
  16 Noyabr 2013    Oxunub:2322
Maliyyə Nazirliyinin cari ilin ilk 9 ayı ərzində dövlət büdcəsinin icrasına dair (operativ) məlumatına əsasən 1 milyard 610,3 milyon manat profisit (büdcə artıqlığı) qeydə alınıb. Bu isə çox böyük rəqəmdir. İlin sonuna az vaxt qaldığından, builin dövlət büdcəsinin icrası da son bir neçə illdə olduğu kimi profisitlə yekunlaşacaq.

Belə böyük məbləğdə profisitin qeydə alınmasında dövlət büdcəsinə gəlirlərin nəzərdə tutulduğundan yüksək səviyyədə icra olunmasının rolu var. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində büdcənin mədaxil hissəsi 13786,2 milyon manat səviyyəsində yerinə yetirilib ki, bu da proqnoza qarşı 14330,0 milyon və yaxud 3,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1808,9 milyon manat və ya 14,4% çoxdur.

Ancaq xərclər isə kəsirlə icra edilib. Sözügedən müddət ərzində dövlət büdcəsi xərclərinin ötən ilin eyni dövrü ilə müqayisədə 1645,5 milyon manat və yaxud 14,9% çox icra olunduğu qeydə alınsa da, proqnoza əsasən, 91,0 % və ya 12719,7 milyon manat təşkil edib.

Dövlət büdcəsi xərcləri hər il bu cür ehtiyatla həyata keçirilir. Bu da hökumətin neftin dünya bazarlarındakı qiymətlərinə etibar etmədiyi və büdcədən maliyyələşdirmədə gəlirlərin çox hissəsini neft pullarının təşkil etməsini nəzərə almasından irəli gəlir.

Yeri gəlmişkən, Vergilər Nazirliyi xəttiylə dövlət büdcəsinə 4 milyard 929,9 milyon manat vəsait ödənib ki, bunun da 44,6 %-ini - 2 milyard 197,9 milyonunu neft sektorundan daxilolmalar təşkil edib. Yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondundan (ARDNF) isə büdcəyə 8 milyard 339,9 milyon manat köçürülüb.

Neft sektorundan daxilolmalar ilə ARDNF-dan köçürməni nəzərə aldıqda 2013-cü ilin 9 ayı ərzində dövlət büdcəsinin formalaşmasında neft gəlirlərinin payının 10 milyard 537,8 milyon manat və ya 73,54% təşkil etdiyini görərik.

Elə buna rəğmən də, dövlət büdcəsinin icrasında böyük məbləğdə profisitə yol açılması səmərəli deyil. Belə ki, nəticədə ya xərclərin düzgün proqnozlaşdırılmadığı, ya da ARDNF-dən transferti nəzərdə tutulduğu kimi həyata keçirtməyə gərək olmadığını kimi iddiaların ortaya çıxmasına əsas yaranır.

Düzdür, sonuncuya dair ötən şərhimizdə də yazdıq ki, transfert olmasa dövlət büdcəsindən cari xərcləri ödəmək mümkün deyil. Bir sıra sosial xərclər bunun hesabına maliyyələşdirilir. Ancaq ilin ilk 9 ayı ərzində dövlət büdcəsinin icrası nəticəsində 1 milyard 610,3 milyon manat profisit qeydə alınması fonunda ARDNF-dən tam olaraq məhz, 8 milyard 339,9 milyon manat köçürməyə bir o qədər lüzum yoxdur.

Yeri gəlmişkən, iqtisadi təsnifata əsasən, cari ilin 9 ayı ərzində dövlət büdcəsi xərclərinin 27,8%-i və ya 3530,0 milyon manatı əməyin ödənişi fonduna, təqaüd, sosial müavinətlər, dərman, ərzaq kimi sosialyönümlü xərclərə yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 4,8 % və ya 163,0 milyon manat çoxdur.

Ölkədə əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə büdcədən maliyyələşən elm və tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, həmçinin müdafiə və hüquq mühafizə orqanlarında çalışanların, həmçinin dövlət qulluqçularının - 700 min nəfərin aylıq əməkhaqqlarının səviyyəsi də məhz, cari ilin sentyabr ayından artırılıb.
Odur ki, bütün bunların müqabilində büdcədən sosialyönümlü xərclərin tədricən qeyri-neft sektorundan əldə olunan daxilolmaların hesabına maliyyələşdirilməsi vacib görünür.

Ümumiyyətlə, sual olunur ki, Vergilər Nazirliyi xəttilə dövlət büdcəsinə toplanan 4929,9 milyon manat vəsaitin 2732.0 milyonu və yaxud 55,4 %-i qeyri-neft sektorundan daxilolmaların (2012-ci ilin müvafiq dövrünə nisbətən 11,3 % çox) payına düşdüyü halda, sosial xərclər niyə tədricən bunun üzərinə transfer edilmir?

Bayaq qeyd etdik ki, 9 ayda büdcə xərclərinin 3530,0 milyon manatı əməyin ödənişi fonduna, təqaüd, sosial müavinətlər, dərman ilə ərzaq kimi sosialyönümlü xərclərin üzərinə düşüb. Bu, 2732.0 milyondan 798 milyon manat çoxdur. Üstəlik nəzərə almaq vacibdir ki, cari ilin 9 ayında Dövlət Gömrük Komitəsi də proqnoza 100,2 % əməl edərək büdcəyə 1011,7 milyon manat köçürüb.

Deməli, Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin xəttiylə büdcəyə daxilolmaların hesabına cari xərcləri əslində tamamilə ödəmək mümkündür.

Növbəti ildə isə dövlət büdcəsi gəlirlərinin qeyri-neft sektoru üzrə payı 2013-cü ilin proqnozu ilə müqayisədə 20,8 % yüksək təşkil edəcək. Ona görə də bizcə, büdcə xərclərində dövlət əsaslı vəsait qoyuluşuna qənaət edilməsi yolu ilə profisiti azaltmaq vacib sayılır. Bu, gələcəkdə həm dövlət büdcəsi vəsaitlərinin xərclənməsinə nəzarəti artırmağa və onun səmərəliliyini yüksəltməyə, həm neft pullarına qənaət etməyə, həm də sosial xərclərin artım dinamikasının sırf qeyri-neft sektorun inkişafına bağlanmasına şərait yaradardı. Onsuz da, neflə əlaqədar büdcənin həcmi getdikcə, azalacaq.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti