Çin dəyişir

Çin dəyişir
  16 Noyabr 2013    Oxunub:1271
Ölkə əhalisi sürətlə qocaldığına görə demoqrafiya sahəsində aparılan siyasətə dəyişikliklərin edilməsi zərurəti yaranıb
Çində müsbət nəticələri 2020-ci ilə planlaşdırılan mühüm sosial-iqtisadi islahatların “yol xəritəsi” işıq üzü görüb.

AzVision.az-ın “Xinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, Kommunist partiyası Mərkəzi Komitəsinin 3-cü plenumunda qəbul olunmuş sənədə əsasən, ciddi dəyişikliklər tək iqtisadi sahəyə deyil, həm də ailə siyasəti, əmək düşərgələri və ölüm hökmünə aiddir.

Çində özəl sərmayələrin də iqtisadiyyata cəlb olunmasının vacibliyini anlayıb “qarışıq mülkiyyət hüququna” keçməyi planlaşdırırlar. “Dövlət kapitalı ilə birgə investisiya layihələrinin həyata keçirilməsinə həmçinin qeyri-dövlət kapitalı da buraxılacaq. Qarışıq kapital əsasında yaradılmış müəssisələrin işçiləri çalışdıqları şirkətlərin səhmlərini əldə edə biləcək”, - deyə sənəddə deyilir.

Bundan əlavə, kommunist ölkənin hökuməti özəl bankların yaradılmasına da icazə verəcək. Həmçinin, bazarda sağlam rəqabət yaratmaq məqsədilə dövlət şirkətləri bir sıra üstünlüklərindən məhrum ediləcək, lakin iqtisadiyyatda dövlət sektorunun aparıcı rolu hesabatda açıq-aydın vurğulanır.

Çin hökuməti həmçinin gəlirlərin şəhər və kənd sakinləri arasında düzgün bölüşdürülməsini də həyata keçirmək niyyətindədir. Bunun üçün vergilər sistemində bir sıra yeniliklər tətbiq olunacaq.

Ən əsası isə - Çində əmək düşərgələri ləğv olunacaq. Kommunist rejiminin simvollarından biri olan tərbiyələndirici məcburi əmək düşərgələri artıq keçmişdə qalacaq. Bundan əlavə, ölüm hökmü ilə cəzalandırılan cinayətlərin sayı da tədricən ixtisara salınacaq.

Çinin xüsusiyyətlərindən biri – “Bir ailə - bir uşaq” prinsipini də ölkə hökuməti bir qədər yüngülləşdirmək niyyətindədir. İslahatlara əsasən, əgər valideynlərdən biri ailədə tək uşaq olubsa, onda həmin ailədə ikinci uşağa icazə veriləcək. Hal-hazırda bu qayda yalnız hər iki valideynin ailələrində tək uşaq olduqları halda ailələrinə şamil edilir.

Ölkə əhalisi sürətlə qocaldığına görə demoqrafiya sahəsində aparılan siyasətə dəyişikliklərin edilməsi zərurəti yaranıb.

Beləliklə, Çində irimiqyaslı islahatlara doğru qəbul edilən siyasi kurs artıq reallıqdır və bu ciddi yeniliklər görməyə adət etdiyimiz kommunist ölkəsini tamamilə dəyişdirəcək.


Teqlər:  





Xəbər lenti