İranın paytaxtı köçürülür
AzVision.az Fars News Agency-yə istinadən xəbər verir ki, bunu İran Parlamentinin Hüquq komissiyasının üzvi Əbülfəzl Əbuturabi deyib.
Əbuturabi bildirib ki, müzakirə olunacaq layihə təsdiqlənərsə, Prezidentin başçılığı ilə 14 nəfərlik işçi qrup paytaxtın köçürülməsi məsələsini hərtərəfli araşdıracaq və bir ildən sonra araşdırmaların nəticəsini parlamentə təqdim edəcək.
Qeyd edək ki, Tehranın əhalisinin sürətlə artması və şəhərin zəlzələ zonasında yerləşməsi nəzərə alınaraq bundan əvvəl paytaxtın köçürülməsi haqqında təkliflər irəli sürülmüşdü. Rəsmi məlumatlara görə, hazırda Tehranda 12-13 milyon nəfər yaşayır.
İranın sabiq prezidenti Mahmud Əhmədinejadın hakimiyyəti dövründə Tehranda yaşayan 200 min dövlət qulluqçusunun paytaxtdan çıxarılması layihəsinin icrasına başlanılsa da, layihə yarımçıq qaldı.
İran KİV-də bunan öncə paytaxtın Təbrizə köçürülməsi haqqında xəbərlər yayılmışdı. Lakin hələlik paytaxtın hara köçürülməsi barədə dəqiq məlumat verilmir.
İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş verib. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.
Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş verib. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı.
Teqlər: