“Prezident soruşdu, nəyə ehtiyacın var? Dedim ki...” - Həcər nənə (VİDEO)

“Prezident soruşdu, nəyə ehtiyacın var? Dedim ki...” -  Həcər nənə (VİDEO)
  19 Mart 2019    Oxunub:28941
Prezidentlə görüşən şəhid anası: “Bir il əvvəl ölkə başçısını yuxuda görmüşdüm”
Fevral ayının əvvəlində Ağsuda baş verən zəlzələ nəticəsində evi yararsız vəziyyətə düşən vətəndaşlardan biri Həcər Zamanovadır. Xatırlayırsınızsa, bu yaxınlarda Prezident İlham Əliyev zəlzələ bölgəsinə səfəri zamanı digər sakinlərlə yanaşı, şəhid anası olan Həcər nənə ilə də görüşərək, onun problemlərini dinləmişdi.

Görüş zamanı Ağsu sakini ölkə başçısından görmə qabiliyyətini itirmiş nəvəsinin müalicəsi üçün köməklik göstərilməsini xahiş etmişdi. Həmin görüşdən bir gün keçməmiş Prezidentin tapşırığı ilə onun 29 yaşlı nəvəsi Muradın müalicəsinə başlanıldı və əməliyyat olunması üçün Türkiyəyə göndərildi.

Azvision.az-ın əməkdaşları Ağsuda Həcər nənəyə baş çəkərək onunla həmsöhbət olublar.



Müsahibimizin dediyinə görə, nəvəsi - Zamanov Murad Adil oğlu erkən yaşlarında valideynlərini itirib, nəticədə onun himayəsində böyüyüb. Muradın bir gözü görmə qabiliyyətini itirib, digər gözü ilə çox zəif görür.

9 uşaq dünyaya gətirən qadın 5 övladını itirib. Onlardan biri Qarabağ döyüşlərində şəhid olub:

“9 uşaq anası olmuşam. 4 uşağım sağ qalıb. Övladlarımdan biri Qarabağda şəhid olub. Özüm isə yoldaşım rəhmətə gedənə kimi evdar qadın idim. O, dünyadan köçəndən sonra qara günlərim başladı. Kiçik ticarətlə məşğul olub, balalarımı böyütmüşəm. Çətinliklərim çox olub. Muradın atası 28 yaşında vəfat edib. Bir qızım da dünyasını dəyişib. Hər ikisinin övladını kiçik yaşlarından mən saxlamışam. Allah bu dərdi heç bir anaya göstərməsin. Murada 7 yaşından mən baxıram. Rayonda xəbər alsanız ki, meyxana deyən Murad necə oğlandır, sizə onun necə insan olduğunu deyərlər. Bu gün 20-dən çox dostu qapıya gəlib, onunla maraqlanıb. Yaxşı oğuldur. Həm də yaxşı şeir yazır, meyxana deyir”.

Nənəsinin sözlərinə görə, 4 ildir Muradın gözündə problemlər olsa da, dərdinə əlac tapa bilməyiblər.

"Həkimlər dedi ki, qara sudur və göz təzyiqi var. Bir gün təzyiqi aşağı salırdılar, sabah yoxlanışa gedəndə görürdük ki, yenə qalxıb. Onun üstündə yarpaq kimi əsmişəm. Elə bilirəm ürəyimin bir telidir. O qırılsa, yaşaya bilmərəm, ölərəm. Atasının iyini ondan alıram. Çox yaxşı uşaqdır, pis olsaydı, məni yandırmazdı. Gözünün biri heç görmədi, digəri isə zəiflədi”.



Həcər Zamanova Prezidentlə görüşdən əvvəl problemini deməkdə tərəddüd edib:

“Zəlzələ baş verəndə evimizin bir tərəfi uçub töküldü. Dedilər ki, sənin üçün yeni ev tikiləcək. Prezidentin qərarıdır ki, birinci şəhid anasının evi təhvil verilsin. Bir il bundan öncə yuxumda Prezidenti görmüşdüm. Ayılıb qadınlar arasında danışdım. 8 mart olanda analar öz aralarında danışırdılar ki, oğlum onu aldı, bunu aldı. Mən də həmişə deyirdim ki, böyük oğlum mənə 250 manat pul göndərib. Soruşdular, sənin oğlun harada işləyir ki? Dedim, Prezidentimdir. Mənə ayda 250 manat təqaüd verir. Deyir, ana, get bayramını qeydə elə. İndi də qadınlar zarafatla mənə deyirlər ki, oğlun sənə ev tikdirir.

Martın əvvəlində dedilər ki, Prezident ayın 8-də Ağsuya gələcək. Sonradan bildirdilər ki, səfər 6-sı olacaq. Özlüyümdə söylədim, nətər deyim, nə deyim ki, ürəyim sakit olsun. Nəhayət, həmin gün gəldi və biz görüşdük. Prezidentin üzündən öpdüm. Məni necə mehriban, səmimi qarşıladı. İstədim deyəm ki, mənə ev tikdirmə, təki Murad sağalsın, bu mənə bəsdir. Prezident soruşdu ki, başqa nə problemin var? Dərdimi açıb dedim ki, nəvəmin gözü görmür. Köməkçisinə problemlə bağlı qeydlər aparmasını tapşırdı. Mənə dedi ki, arxayın ol, hara lazım olsa, ora göndərəcəyəm. Axşam Prezident Administrasiyasından zəng gəldi ki, Prezident iclas edib, Muradın gözü müalicə olunacaq. Səhəri gün Muradı Gömrük xəstəxanasında yoxladılar. Zəng elədilər ki, Muradın vəziyyətini Mehriban xanıma danışıblar, məsləhət görülüb ki, təcili Türkiyəyə aparılsın. İkinci gün Murad gözündən əməliyyat olunacaq. Bir həftə müalicə gedəcək, sonra yenidən əməliyyat edəcəklər”.

Muradın müalicəsi ilə yanaşı, Prezidentin göstərişi ilə H. Zamanova üçün yeni ev tikilir. Göstərdiyi diqqət və qayğıya görə, ölkə başçısına təşəkkür edən Həcər nənə yeni evinə köçəcəyi günü səbirsizliklə gözləyir.

Şahanə Rəhimova
Video: Əhməd Xəliov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Ağsu   Prezident   Həcər-nənə  





Xəbər lenti