İsraillə Səudiyyə İrana hücum planı hazırlayıb

İsraillə Səudiyyə İrana hücum planı hazırlayıb
  17 Noyabr 2013    Oxunub:1239
“MOSSAD və Səudiyyə Ərəbistanı İrana birgə hücum hazırlıqları ilə məşğuldurlar”.
AzVision.az xəbər verir ki, bu sensasion məlumatı “The Sunday Times” qəzeti yayıb. Qəzet öz mötəbər mənbələrinə istinadən bildirir ki, Təl-Əvivlə Ər-Riyad İranın nüvə proqramı ilə bağlı danışıqların heç bir nəticə verməyəcəyi təqdirdə bu ölkəyə birgə hücum variantını nəzərdən keçirirlər.

Qəzetin yazdığına görə, tərəflər artıq belə bir razılığa gəliblər ki, Səudiyyə Ərəbistanı İsrail hərbi təyyarələrinə ölkə üzərində uçmaq icazəsi verəcək. Ər-Riyad həmçinin İrana qarşı mümkün hərbi əməliyyatlarda öz pilotsuz təyyarələri ilə iştirak etməyi, habelə İsrailə yük təyyarələri və xilasedici vertolyotları ilə dəstək verməyi planlaşdırır.

“Səudiyyəlilər İrandan bərk qorxurlar və İsrailə bütün mümkün vasitələrlə kömək etmək istəyirlər” - deyə mənbə “The Sunday Times” qəzetinə bildirib.

İsrail kimi Səudiyyə Ərəbistanının İrandan əsas qorxusu Tehranın nüvə proqramı ilə bağlıdır. Təl-Əviv və Ər-Riyad Cenevrədə hansısa müsbət qərarın qəbuluna ümid edirlər. Bəllidir ki, noyabrın 20-də Cenevrədə İranın nüvə proqramına dair danışıqların növbəti raundu keçiriləcək. Danışıqlarda İran, Rusiya, ABŞ, Almaniya, Çin, Böyük Britaniya və Fransa iştirak edirlər. Danışıqların əvvəlki raundu nəticəsiz başa çatıb və tərəflərin hamısını qane edəcək qərarın qəbulu mümkün olmayıb.

İsrail indiki halda İranla danışıqlar aparmağı mənasız sayır. Çünki bu danışıqlar uranın zənginləşdirilməsi prosesinin tam dayandırılmasını nəzərdə tutmur. Tehran nüvə proqramının sırf dinc məqsədlərə xidmət etdiyini deyir. İsrail və Səudiyyə Ərəbistanı isə buna inanmayaraq bildirirlər ki, İran nüvə silahı hazırlayır.


Teqlər:





Xəbər lenti