“Bizi sensasiyadan cəmi 10 dəqiqə ayırdı” - Yurçeviç

  24 Mart 2019    Oxunub : 1375
 “Bizi sensasiyadan cəmi 10 dəqiqə ayırdı” - Yurçeviç
Litva ilə keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ərəfəsində Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin və komandanın üzvü Ramil Şeydayevin iştirakı ilə bu gün mətbuat konfransı keçirilib.
Azvision.az-ın məlumatına görə, Nikola Yurçeviç deyib ki, Xorvatiya ilə oyundan bir neçə gün keçdikdən sonra futbolçuların performansını soyuqbaşla təhlil etmək olar.

Onun sözlərinə görə, Zaqrebdən yaxşı nəticə ilə qayıtmaq mümkün idi: "Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı. Uşaqlar yaxşı futbol oynadılar. Sabahkı oyuna gəldikdə, rəsmi görüş olmasa da, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Yüksələn qrafik cızmaq istəyirik. Futbolçular oyuna yaxşı motivasiya olublar. Hamı meydana çıxmağa, oynamağa can atır. Bu görüşdə Xorvatiya ilə qarşılaşmada şans vermədiyim uşaqlara da özlərini göstərmək imkanı yaradacağıq. Bu dəyişiklik kiminsə oyunundan narazı qaldığımıza görə edilməyəcək. Sadəcə, digər futbolçulara da şans vermək istəyirik. Amma kimləri meydana buraxıb-buraxmayacağımızı bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Bakıya döndükdən sonra ağır məşqlər keçməmişik. Daha çox bərpa məşqləri etsək də, futbolçularla mütəmadi söhbətlər aparmışıq. Yenə deyirəm, hamı meydana çıxmağa, özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Razıyam, Litva Xorvatiya deyil, amma hörmət ediləsi rəqibdir. Təbii ki, hücumda oynamağa çalışacağıq. Ancaq bu rəqibdən də asılıdır. Rəqib imkan verdiyi qədər oynamaq mümkündür. Onu da qeyd edim ki, bu cür oyunlar komandanı daha yaxından tanımaq baxımından çox vacibdir”.

Ramil Şeydayev isə bildirib: “Litvaya qarşı yaxşı oynamaqla bərabər, həm də qələbə qazanmalıyıq. Baş məşqçimiz də toplanışı müsbət ab-havada başa vurmağımız üçün qələbənin vacib olduğunu bildirdi. Sabahkı oyunun favoriti bizik və qalib gəlməliyik”.

Azvision.az

Teqlər: Yurçeviç