Ələt Bakıdan ayrılır

Ələt Bakıdan ayrılır
  18 Noyabr 2013    Oxunub:2172
Yaxın zamanlarda Azərbaycanın inzibati-ərazi quruluşunda dəyişiklik olacağı gözlənilir. Ələt Qaradağdan ayrılıb ayrıca rayona çevrilir.
AzVision.az xəbər verir ki, ATV telekanalın verdiyi xəbərə görə, Bakının Baş Planına uyğun olaraq Ələt qəsəbəsinin yaxın gələcəkdə hazırda tabe olduğu Qaradağ rayonundan ayrılaraq ayrıca rayona çevriləcəyi nəzərdə tutulub. Telekanal bu məlumatı bu gün özünün axşam buraxılışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi şəxsinə istinadən yayıb.

Yada salaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov təxminən bir həftə əvvəl AzərTAc-a müsahibəsində bildirmişdi ki, Bakının Baş Planı üzərində iş gedir: “Paytaxtın Nəsimi, Yasamal və Nizami rayonlarında unikal və dövlət əhəmiyyətli obyektlər istisna olmaqla digər inşaat işlərinin aparılması məqsədəuyğun sayılmır. Həmçinin bu rayonlardakı köhnə və yararsız binaların sökülməsi də nəzərdə tutulur. Qaradağ rayonunda isə vəziyyət xeyli fərqlidir. Əhalisi 122 min nəfər, ərazisi 114 min hektar olan rayonda bir hektara təxminən bir nəfər düşür. Bu amil nəzərə alınmaqla rayonun sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı hazırlanıb. Burada neft-kimya sənayesinin inkişafı, Ələt qəsəbəsində isə hava limanının tikintisi və digər infrastruktur layihələrinin həyata keçirilməsi

planlaşdırılır. Bütün bunlar Bakı şəhərinin Baş Planında öz əksini tapıb”.

Göründüyü kimi, hökumətin Ələt qəsəbəsi ilə bağlı ayrıca ciddi planları var. Bundan əvvəl Bakının mərkəzindəki, xüsusilə də Nobel prospektindəki neft-kimya və digər sənaye müəssisələrinin Qaradağ rayonu ərazisinə köçürülməsi barədə fikir və təkliflər səslənib. Amma bu “böyük köç”ün konkret nə zaman başlanacağı, habelə Ələtin nə vaxt ayrıca rayona çevriləcəyi barədə dəqiq məlumat verilmir.


Teqlər:





Xəbər lenti