Komitə sədri köçkünlərin problemini dinlədi

Komitə sədri köçkünlərin problemini dinlədi
  29 Mart 2019    Oxunub:1821
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Abşeron rayonunda məcburi köçkünlər üçün yeni istifadəyə verilmiş qəsəbədə olub.
Komitədən Azvision.az -a verilən məlumata görə, Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Məcburi köçkünlər əvvəlcə, kollektiv şəkildə, daha sonra fərdi qaydada qəbul ediliblər. Müraciətlər, əsasən isti su, təbii qazın verilişi, sərnişin nəqliyyatı və digər məsələlərlə əlaqədar olub. Dövlət Komitəsinin müvafiq şöbələri tərəfindən məcburi köçkünlərin qaldırdıqları digər məsələlərlə bağlı artıq işlər aparılıb.

Məlumat verilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ötən il istifadəyə verilmiş bu yaşayış kompleksi 1000 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Müasir tələblər səviyyəsində inşa edilən binalarda mənzillər tam təmirlidir, qəsəbə zəruri infrastrukturla təchiz edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, buraya birinci növbədə Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində qəzalı bina və tikililərdə, ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüb. Qeyd edilib ki, mənzillərə təbii qazın tam həcmdə verilməməsi köçürülmənin davam etməsi ilə əlaqədardır. Məcburi köçkün ailələrinin yerləşdirilməsi başa çatdıqdan sonra qəsəbə təbii qazla tam təchiz olunacaq.

Sərnişin nəqliyyatı şəbəkəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, Dövlət Komitəsi tərəfindən müvafiq qurumlara məktub ünvanlanıb və bu məsələ tezliklə həllini tapacaq. Məcburi köçkünlərin görüşdə qaldırdıqları digər məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Azvision.az


Teqlər: Qaçqın  





Xəbər lenti