Paşinyan Vyana görüşünün detallarını açıqladı: “Ümid edirəm ki, prezident Əliyev...”

Paşinyan Vyana görüşünün detallarını açıqladı:   “Ümid edirəm ki, prezident Əliyev...”
  30 Mart 2019    Oxunub:7093
“Bütövlükdə, Azərbaycan prezidenti İlham Əliyevlə Vyanada keçirdiyim görüşü müsbət qiymətləndirirəm”
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vyanada Avstriyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib. O, çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycan prezidenti ilə keçirdiyi ilk rəsmi görüşünün detalları barədə danışıb.

“Deyə bilmərəm ki, danışıqlar prosesində hansısa qırılma nöqtəsi, yaxud inqilab və ya fövqəltəbii hadisə baş verdi. Amma çox vacib oldu ki, bizə öz gündəliyimiz, fikirlərimiz və vəzifələrimiz barədə danışmağa imkan verən bir proses başladı. Bütövlükdə, Azərbaycan prezidenti İlham Əliyevlə Vyanada keçirdiyim görüşü müsbət qiymətləndirirəm. Görüşü müsbət qiymətləndirməyim o demək deyil ki, görüşdə kimsə məğlub, başqası isə qalib oldu” – Paşinyan vurğulayıb.

Ermənistan baş nazirinin sözlərinə görə, əsas olan, hər iki tərəfin öz mövqeyini ifadə edə biləcəyi söhbətin başladılmasıdır. Çünki Dağlıq Qarabağ münaqişəsi olduqca dərin keçmişə malikdir.

“Bu münaqişənin olduqca dərin kökləri var. İlk növbədə, sadə vəziyyətlə məşğul olmadığımızı anlamağımız vacibdir. Bu, çox ciddi və dərin problemdir. Tərəflərin bir-birinə nə düşündüklərini deyə biləcəkləri atmosferin yaradıması vacibdir. Sərhədyanı kəndlərin sakinlərinin snayperlərdən qorxmadan öz təsərrüfatları ilə məşğul ola bilmələri üçün biz əsasında bir-birimizə zərər yetirmək niyyətimizin olmadığı danışıqlar aparmalı, təmas xəttində və sərhəddə vəziyyətin sabit olması üçün səy göstərməliyik. Hər iki tərəfdən əsir düşən vətəndaşlar var. Əgər indi onları mübadilə edə bilmiriksə, onda kimin nədə ittiham edilməsindən və bu ittihamların nə dərəcədə qanuni olmasından asılı olmayaraq, biz onların öz ailələri ilə görüşünün təşkil edilməsini barədə düşünə bilərik. Ümid edirəm ki, mənim və prezident Əliyevin vəziyyətlə bağlı qiymətləndirməmiz bir-birindən çox fərqlənməyəcək”.

Qeyd edək ki, martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Ölkə rəhbərləri əvvəlcə təkbətək görüşüblər, daha sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Vyana  





Xəbər lenti