Sizə nə lazımdır: Dövlətdə problem, yoxsa problemi həll edən dövlət?!

   Sizə nə lazımdır:    Dövlətdə problem, yoxsa problemi həll edən dövlət?!
  30 Mart 2019    Oxunub:13298
Sənan Nəcəfov

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini bildirib. Qeyd olunub ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.
Mən bu sözləri ehtiyatla, elə çəkinə-çəkinə deyirəm ki, Kərimov Əli və AXCP yanındakı Milli Şuradakı “kərimovçular” bu işin qarşısına da “19 yanvar mitinqinə görə oldu” yazacaqlar. Qəribə vəziyyət yaranıb. Dünən hadisə baş verəndən Cənab Prezidentin məlum qərarına qədər sosial şəbəkələrdə müxalif fikirli, anti-Azərbaycan şəbəkəsi üzvlərinin, xaricdə gizlənib, burada ara qatanların statuslarını, bloqlarını, vloqlarını izlədim. Sanki əllərinə danışmaq üçün şans düşmüşdü.

Adi bir misal çəkəcəyəm. Xaricdən yayımlanan internet kanallardan birində “Diqlas” TM qarşısına toplaşan zərərçəkmişlərin toplantısından canlı yayım verilirdi. Gözümə təsadüfən feministlərin aksiyasında da, xaricdən idarə olunan təxribatçı icazəsiz aksiyada da iştirak edən bir vlogger dəydi. "Bunun burada nə işi var?” sualının cavabı özünü çox gözlətmədi. Həmin canlı yayımda bilirsinizmi nələr yazırdılar? “Niyə dövlət bu kasıblar düşünmür?” “Niyə dövlət bu etirazçıları qəbul edib, dinləmir”, “hanı dövlət?” “hanı sığorta”... Nisbətən normal şərhlərdi elə deyilmi? Bəs bura “Axıra qədər toplanın orada, qalxın ayağa”, “Sonrakı addımınız “istefa” olsun”, “nə vaxt mitinqlərə qoşulacaqsınız” və digər təxriabatçı şərhləri əlavə etsəm necədir?

Bu gün Cənab Prezidentin məlum qərarından sonra isə həmin kanalların işinə, qaynar qazanına su ələnmişdi. Bişirmək istədikləri, dəmə qoyduqları aşın dadı qaçmışdı sanki, dilxor idilər. Amma bu dəfə də valı başqa səmtə yönəltdilər. (Sizə faktla danışıram, istəyən olsa həmin skrinləri göstərə bilərəm). Bu dəfə “dövlət niyə dəstək olmalıdır?”, “niyə sahibkar vaxtında vergini vermirdi?”, “birə on qazananda heç dövlət yada düşmürdü!”, “sığorta niyə öz işini görmür?” və s. şərhləri göz “oxşayırdı”. Sanki bir mərkəzdən idarə olunan şərh yağışı ritorikası dəyişmişdi. Niyə? Nəyi həzm edə bilmirlər? Bunlara nə lazımdır, dövlətdə problem olması ya problemin həll edən dövlət? Belə çıxır ki, bunlara problemi həll edilən vətəndaş lazım deyil, bunlara problemli sahə, yağış damcıları islatmış asvalt, ildırım çaxmasından qorxan dana, qatığın qıcqırması, imtahanın testlə keçirilməməsi, korrupsiya lazımdır. Olmasa, nədən yazacaqlar, nədən danışacaqlar?

Bilirsiniz, Azərbaycanda sosial problemlərin ardıcıl, sistemli həlli prosesi gedir. Son illərdə Cənab Prezidentin dediyi kimi, Azərbaycan dövlət büdcəsi yalnız sosial yönümlü olur, atılan bütün addımlar, yalnız Vətən övladı, vətəndaş üçündür. O, dediyi sözün sahibidir, bu yolda qarşı tərəfə bir misqallıq da imkan vermir ki, danışsınlar. Şəhid ailələri fikirlərini bildirmək istəyirlər, Cənab Prezident onların yanında olur, dərdlərini dinləyir, qəti qərar qəbul edir. Fövqəladə hal baş verir, Şamaxı, İsmayıllı, Ağsuda zəlzələdən zərər çəkmişlər səhər-səhər qapılarını açırlar Prezidenti qarşılarında görürlər. İndi də ticarət mərkəzində yanğın baş verib, xeyli sayda sahibkar ziyan çəkib, insanlar narahatdılar, yenə də Prezident öz vətəndaşının yanındadır, vəd verir və həll edir.

Burada əlavə qeydim Cənab Prezidentin operativ reaksiyası və dövlətin dəstəyinin həcmidir, daha doğrusu mahiyyəti. Mütəxəsisslər deyirlər ki, doğrudan da anoloqu olmayan hadisədir. Məsuliyyətin birbaşa sahibkarda, iş adamlarının özündə olduğu halda dövlətin müdaxilə edib, narahatlığı azaltması, dəyən ziyanı ödəməyə söz verməsi nadir hadisədir. Amma burada vacib məqamı qeyd etmək lazımdır. Dövlət özü vətəndaşı üçün sığortadır. Bax, bunu dərk etmək lazımdır. Cənab Prezidentin operativ müdaxiləsində verilən gizli mesaj da budur. Bu maliyyə məsələləri necə həll olunacaq, bina sahibi nə ödəyəcək, sığorta nə verəcək, bu sonrakı mərhələdir. Əsas sığortalanmayan alış-verişin predmeti olan əşyaların yanması, insanların iş yerlərini itirməsi ilə bağlı narahatlığın olduğu bir vaxtda dövlət özünü göstərməsi və qəti bildirməsidir: Dövlət Vətəndaşın yanındadır. Bundan yüksək sığorta varmı?


Teqlər: Diqlas   Yanğın   Radikallar  





Xəbər lenti