Səudiyyə rəhbərliyi Kaşoqinin övladlarını pulla satın alır

  02 Aprel 2019    Oxunub : 868
Səudiyyə rəhbərliyi Kaşoqinin övladlarını pulla satın alır
Jurnalist Camal Kaşoqinin övladları atalarının vəhşicəsinə qətlinin “kompensasiyası” kimi Səudiyyə Ərəbistanı hökumətindən 5 rəqəmli aylıq müavinətlər və 4 milyon dollar dəyəri olan daşınmaz əmlaklar alıblar.
Azvision.az xəbər verir ki, bu barədə vaxtilə Kaşoqinin əməkdaşı olduğu “The Washington Post” qəzeti etibarlı mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, bu ödənişlər Səudiyyə hakimiyyətinin Kaşoqi ailəsinin üzvləri ilə uzunmüddətli razılaşma bağlamaq cəhdləridir. Əvəzində tələb olunur ki, övladları gələcək ictimai bəyanatlarında atalarının ölümü ilə bağlı təmkin nümayiş etdirsinlər və rəsmi Ər-Riyada qarşı sərt ittihamlar səsləndirməkdən yayınsınlar.

Buna sübut kimi o göstərilir ki, Kaşoqinin başına gələn dəhşətin miqyasına baxmayaraq, son zamanlar onun övladları Səudiyyə krallığının ünvanına tənqidlər səsləndirməkdən qaçıblar.

Həmçinin məlum olub ki, Kaşoqinin qətlində təqsirləndirilənlər üzərində qurulucaq növbəti məhkəmə prosesindən sonra “işi yoluna qoymaq” cəhdləri çərçivəsində mərhum jurnalistin iki oğlu və iki qızının hər birinə bir neçə milyon dollar əlavə ödəniş də ediləcək. Bunun qarşılığında isə rəsmi Ər-Riyad edam cəzasına hökm edilə biləcək yüksək vəzifəli səudiyyəlilərin əfv olunması üçün Kaşoqinin övladlarından ərizə yazmalarını istəyəcək.

İttihamlara cavab verən Səudiyyə hökuməti isə bildirib ki, Kaşoqinin övladlarına göstərilən maliyyə dəstəyi başqa bir şeylə əlaqəli deyil və sadəcə “ölkə mədəniyyəti və adət-ənənənin tərkib hissəsidir”.

Qeyd edək ki, Kaşoqi ötən ilin 2 oktyabr tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda bədəni hissələrə doğranılaraq vəhşicəsinə qətlə yetirilib. Daha sonra Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistin cəsədinin bəzi hissələrini Səudiyyə konsulunun şəxsi iqamətgahındakı quyudan tapıblar. Müxalif mövqeli Kaşoqinin ölümünə Səudiyyə krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın əmr verildiyi bildirilir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Səudiyyə   Kaşoqi   İstanbul