Berti Foqts qalsın, ya getsin?

Berti Foqts qalsın, ya getsin?
  18 Noyabr 2013    Oxunub:1703
Orxan Sübhan

Bu gün Azərbaycanda futbolla maraqlanan insanları bir məsələ xüsusilə maraqlandırır - milli komandamızın baş məşqçisi Berti Foqts vəzifəsini qarşıdakı illərdə də davam etdirməli, yoxsa əvəzlənməlidir?
DÇ- 2014-ün seçmə qrup mərhələsinin oyunları oktyabrda başa çatıb, Foqtsun AFFA ilə imzaladığı müqavilənin müddəti isə bu ilin sonunda bitir. Kimi Berti Foqtsun 2008-ci ildən bu günə qədər Azərbaycan futboluna heç nə qazandırmadığını, kimi isə bunun əksini düşünür.

Futbolçularımız Berti Foqtsun rəhbərliyi altında 3 seçmə mərhələdə mübarizə aparıblar. DÇ-2010-un qrup mərhələsində 5 xal toplayan millimiz, AÇ-2012-nin seçmə mərhələsində 7, DÇ-2014-ün seçmə mərhələsində isə 9 xal qazanıb. Yəni, cüzi də olsa, inkişaf hiss olunur.

Son seçmə mərhələdə komandamızın iştirakı ilə keçirilən oyunlara nəzər yetirək: millimiz 10 oyunun yalnız 3-də uduzub ki, bunlardan da ikisi Portuqaliya ilə qarşılaşmalara, digəri isə Rusiya ilə Moskvadakı matça təsadüf edir. Yəni ildən-ilə artan nəticələr, millimizin FİFA-nın son reytinq cədvəlində heç vaxt olmadığı 88-ci yerə yüksəlməsi Berti Foqtsun xeyrinə işləyən amillərdən biri, bəlkə də birincisidir. Üstəlik, futbolçular da onun qalmasının tərəfdarıdır.

Amma Almaniyalı çalışdırıcının mətbuatla münasibətlərinin gərgin olması, çempionatın oyunlarını az izləməsi onun əleyhinə işləyən məqamlardandır.

Hələ ki, AFFA alman mütəxəssisə yeni müqavilə təklif etməyib və qurumun baş katibi Elxan Məmmədovun sözlərinə görə, “qalsın ya getsin” məsələsi ilə bağlı qərar İcraiyyə Komitəsinin toplantısında veriləcək.

Amma İK “qalsın” desə, gün kimi aydın olan bir məsələ var – Berti Foqts seçmə mərhələlərdəki artımı nəzərə alaraq, müqavilə şərtlərinin yaxşılaşdırılmasını tələb edəcək. Üstəlik, AFFA rəsmilərinin müqaviləni uzadıb-uzatmamaqla bağlı açıqlamalarından sonra o ölkəsinin mətbuatına verdiyi müsahibəsində guya Azərbaycanda qalıb-qalmamaqla bağlı düşündüyünü bildirmiş və bununla bir növ bizə cavab vermişdi. Yəni ki, “siz məni saxlamaq istəyə bilərsiniz, amma mən düşünərəm – qalım, ya yox?”

Hazırda AFFA Berti Foqtsa alternativ axtarır. Onu bu postda əvəzləyə biləcək 3-4 yerli mütəxəssisin olduğu da söylənilir. Gəzib-dolaşan şaiyələrə inansaq, indiki halda, bu ehtimal daha realdır.

Adlara gəldikdə isə, konkret hələ heç nə məlum deyil. Ancaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adının bu siyahıda olduğunu əminliklə söyləmək olar. Üç dəfə Avroliqanın play-off mərhələsində mübarizə aparan, lakin hər dəfə Avropanın aparıcı komandalarına uduzaraq çıxışını başa vuran “Qarabağ” klubunun baş məşqçisinə etimad göstərılməsini istəyənlər kifayət qədər çoxdur.

Həmçinin, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin də namizədlər siyahısında yer alması ehtimal olunur.

Bundan başqa, Berti Foqtsun əvəzinə başqa əcnəbi mütəxəssisi komandamızın baş məşqçisi vəzifəsində görmək istəyənlər də var. Yəqin razılaşarsınız ki, bu gün beynəlxalq arenada uğur qazanan komandalar daha çox yerli mütəxəssislərin rəhbərliyi altında müvəffəqiyyətə nail olur. Buna kifayət qədər misal çəkmək də olar.

Bir şeyi də nəzərə almaq lazımdır ki, yeni əcnəbi məşqçi ölkəmizə gəlib futbol mentalitetimiz və futbolçularımızla tanış olanadək müəyyən müddət keçəcək, hətta hər şeyin sıfırdan başlaması ehtimalı olduqca realdır. Elə buna görə də zənnimcə, “ya yerli mütəxəssisə güvənmək zamanı çatıb, ya da ki, ən pis halda elə Berti Foqtsla yola davam etmək lazımdır” - deyənlər yanılmırlar.

Yekun qərarı bu ilin sonunda futbol azarkeşləri deyil, AFFA İcraiyyə Komitəsi verəcək. İndiki durum isə Berti Foqtsun xeyrinədir.


Teqlər:





Xəbər lenti