Dəyişən təkcə sayımız deyil: Demoqrafik inkişafda kefiyyətcə yeni mərhələ başlayıb – TƏHLİL

  10 Aprel 2019    Oxunub : 6678
 Dəyişən təkcə sayımız deyil: Demoqrafik inkişafda kefiyyətcə yeni mərhələ başlayıb – TƏHLİL
Ötən həftə Azərbaycan əhalisinin sayının 10 milyona çatması ölkədə təntənə ilə qeyd olundu. Hətta Prezident İlham Əliyev və xanımı körpənin valideynlərilə görüşüb, xeyir-dua verdilər, mənzil hədiyyə etdi. Sual olunur: hadisəni bu qədər önəmli edən nədir?
Hər şeydən əvvəl, əhali – dövləti güclü edən vacib resurslardan biridir. Demoqrafik göstərici bütün ölkələrin sosial-iqtisadi inkişafına birbaşa təsir göstərən vacib amil sayılır. Dövlətin əhalisinin sayı və demoqrafik tərkibi onun sosial-iqtisadi vəziyyəti barədə çox vacib informasiyalar verir. Çünki əgər əhali artırsa, bu, təkcə daha çox körpənin doğulması demək deyil. Üçüncü dünya ölkələrində də doğum çoxdur, lakin, ölüm halları da çox olduğundan, ümumi dinamika yaxşı olmur. Amma Azərbaycanın da aid olduğu inkişaf edən ölkələrdə vəziyyət fərqlidir. Bu fərq nədədir?

Hər bir ölkə sosial-iqtisadi inkişafında “demoqrafik keçid” adlanan mərhələdən də adlayır. Bu zaman əhalinin imkanları və həyat keyfiyyəti artır, daha yaxşı tibbi xidmət ala bilirlər, nəticədə doğuşlar çoxalır, körpə ölümləri və ümumiyyətlə, ölüm halları isə azalır, çünki insanlar daha çox yaşamağa başlayırlar. Azərbaycan hazırda bu mərhələdən keçir. Yəni əhalinin artımı təkcə doğulanların çoxalmasının yox, həm də ölənlərin azalmasının sayəsində baş verir.

Bunu statistika da təsdiqləyir. Bir ildə hər min nəfərə düşən ölüm sayı 2004-2007-ci illərdə 6.2 idisə, sonrakı illərdə aşağı düşüb və hazırda 5.8-dir. Min nəfərə düşən doğum sayı da azalıb: 2006-2009-cu illərdə hər min nəfərə 17-18, 2010-2014-cü illərdə 18-19 yeni doğulan körpə düşürdüsə, hazırda bu rəqəm 14.2-yə bərabərdir. Yəni sadə desək, biz çox doğulmuruq, az ölürük.
Bu nəticəni digər rəqəmlər daha aydın ifadə edir: Son illərdə 65-69 yaşlı insanların sayı ancaq artım dinamikası nümayiş etdirir. Belə ki, həmin yaş qrupuna daxil olan şəxslərin sayı 2011-ci ildə hər min nəfər üçün 121 olub, sonrakı illərdə belə artıb: 123, 163, 190, 222, 242, 262...

Nəticəni bir daha təkrarlayaq: Biz daha çox doğulduğumuz üçün yox, daha az öldüyümüz üçün artırırq. Bu isə ciddi və önəmli nəticədir, o deməkdir ki, Azərbaycan öz demoqrafik inkişafında artıq növbəti mərhələyə keçərək, müsbət dinamikasının strukturunu inkişaf etmiş ölkələrlə eyniləşdirib. İnkişaf etmiş ölkələrdə də əhali çox doğulmur, sadəcə, az ölür.

Böyük dövlətlər bu mərhələni XX əsrin müxtəlif dövrlərində keçmişdilər, inkişaf etməkdə olan ölkələr isə hələ də keçməkdədirlər. Demoqraflar deyirlər ki, məhz bu mərhələ tam keçiləndən sonra ayrı-ayrı ölkələrdə və ümumilikdə Yer kürəsində əhalinin artım dinamikası sabitləşəcək. Bunun haradasa əsrin ortalarında baş verəcəyi gözlənilir.

Prezident İlham Əliyev on milyonuncu vətəndaşımızın valideynlərilə söhbət edərkən maraqlı bir fakt dedi: “9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəlmişdi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır”.

Əgər əhali artırsa, demək, yaşlı nəslin ömrü uzanıb, yəni həyatının keyfiyyəti, sosial müdafiəsi yaxşılaşıb, gənclərin isə gələcəyə ümidləri var, onlar dünyaya övlad gətirmək, onu böyütmək, yaxşı təhsil vermək istəyirlər. Bizdə hər min nəfərə düşən doğulanların sayı azaldığı halda, əhali artır. Niyə doğuşlar azalır? Çünki urbanizasiya gedir, insanların ümumi təhsil, mədəni səviyyəsi qalxır, onlar dünyaya 1-2 övlad gətirib, yüksək səviyyədə yetişdirməyə, təhsil verməyə çalışırlar. Bunun nəticəsində demoqrafik inkişafda yeni mərhələ başlayır: daha keyfiyyətli – yüksək savadlı, ixisaslı, mədəni vətəndaşların formalaşması dövrünə keçirik.

Əhalinin çox olması ölkənin iqtisadi inkişafı üçün də vacibdir. Əvvəla ona görə ki, inkişaf edən iqtisadiyyata həmişə işçi qüvvəsi lazımdır və yaxşı olar ki, bu, məhz ixtisaslı işçi qüvvəsi olsun. Bizim demoqrafik inkişafda isə dediyimiz kimi, məhz həmin mərhələ - keyfiyyət dəyişikliyi dövrü başlayıb. Bu, gələcək iqtisadi inkişaf üçün vacib zəmin hazırlayır. İkincisi, əhalinin çox olması – böyük bazar deməkdir. Bu isə iqtisadi artımın digər vacib şərtidir.

Bizim üçün xüsusilə əhəmiyyətli olan digər məqam da var: Əhalinin çoxluğu həm də dövlətin hərbi resurslarını, lazım olanda səfərbərlik potensialını artırır. Müharibə vəziyyətində olan dövlət üçün bu, çox ciddi bir məqamdır. Əgər hər iki ölkədə dinamika elə bu cür davam edərsə, tezliklə Azərbaycanın səfərbərlik potensialı elə Ermənistanın bütün əhalisi qədər – yəni 3 milyon olacaq.

Vüsal Məmmədov
Azvision.az

Teqlər: 10-milyon   Demoqrafiya   Azərbaycan-əhalisi