İran Azərbaycana nota göndərdi

 İran Azərbaycana nota göndərdi
  19 Noyabr 2013    Oxunub:1181
İran XİN-i Bakıda İsrail səfirliyinin qarşısında saxlanılan vətəndaşı barədə Azərbaycandan məlumat tələb edib

Bir müddət öncə Bakıda İsrail səfirliyinin qarşısında bir İran vətəndaşı saxlanılaraq məsuliyyətə cəlb edilib. İran xarici işlər nazirliyinin sözçüsü Bakıda saxlanılan həmin vətəndaşla görüşün təşkil edilməsini tələb edib.

Belə ki, İran xarici işlər nazirliyinin sözçüsü Mərziyyə Əfxəm bir müddətdir Bakıda saxlanılan İran vətəndaşının vəziyyəti barədə məlumata malik olmadıqlarını bildirib. O, saxlanılan İran vətəndaşı barədə Azərbaycan rəsmilərinə bildiriş göndərdiklərini deyib.

İran XİN sözçüsü həmçinin saxlanılan şəxsin Bakı həbsxanasında döyülməsi faktının nə dərəcədə həqiqqətə uyğun olub-olmadığının araşdırılması üçün Azərbaycanın Tehrandakı səfirliyi nümayəndələri ilə görüşlər keçirildiyini deyib.

Xatırladaq ki, bir müddət öncə Bakıda İsrail səfirliyinin qarşısından keçən bir İran vətəndaşı saxlanılaraq məsuliyyətə cəlb edilməsi xəbərini İran mətbuatı yazıb.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də AzVision.az-a səfirliyin bu xəbəri təqribən iki həftə əvvəl media vasitəsilə öyrəndiyini bildirib. Səfirin sözlərinə görə, dərhal Azərbaycan Respulikasının Xarici İşlər Nazirliyinə nota göndərilib: “Nota ilə müraciət etdik ki, İran vətəndaşı ilə görüşə icazə verilsin. Təəssüflər olsun ki, İran səfirliyinin notasına hələ də cavab yoxdur. Sözügedən İran vətəndaşının vəziyyəti bizim üçün qaranlıqdır. O, səfirliyə məlum olmayan yollarla həbsdə olduğu yerdən öz ailəsi ilə əlaqə qurub və işgəncəyə məruz qaldığını deyib. Aydındır ki, İsrailin Bakıdakı səfirliyinin qarşısından keçmək bir nəfərin tutulmasına səbəb ola bilməz. Odur ki, araşdırmalar aparıq”.

Səfirliyin digər əməkdaşının sözlərinə görə, saxlanıldığı iddia olunan Həsən Fərəci Bəhlul oğludur: “O, ticarət məqsədilə Azərbaycan Respublikasına gəlib və burada olduğu müddətdə heç bir qanun pozuntusuna yol verməyib”.

Qeyd edək ki, faktla bağlı araşdırmalar davam edir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti