Metroda ediləcək yeniliklər açıqlanıb

Metroda ediləcək yeniliklər açıqlanıb
  13 Aprel 2019    Oxunub:3037
"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin istismara verildiyi dövrdə tətbiq ediləcək vahid sistemin mərhələlərlə quraşdırılma işlərinə başlanılıb.
Azvision.az xəbər verir ki, gələcəkdə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək. Hazırda Bənövşəyi xətdə "Thales" şirkətinin 4 sistemi quraşdırılır. Bunlar qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, hazırda Bənövşəyi xətti, gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən "Tetra" radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlardır. Artıq bu sistemin tərkib hissəsi olan mikroprosessor idarəetməsi və "Tetra" rabitə sistemi fəaliyyət göstərir.

Bakı metropoliteninin mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkətini SAT-ALİ (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir.

Bununla qatarların hərəkət təhlükəsizliyi ən yüksək həddə çatdırılacaq, istismar edilən avadanlıq və qurğuların, eləcə də qatarlar arasında intervalların azalmasına, elektrik enerjisinə qənaət olunmasına, qatarların hərəkət sürətinin artmasına, daha səlis və rəvan sürət yığıb dayanmasına və digər əsaslı təsirləri də nəzərə almaqla sərnişinlərin rahatlığının artırılmasına nail olunacaq.

Eyni zamanda “Xocasən” deposunun işarəvermə və telekommunikasiya sisteminin reallaşdırılması istiqamətində işlər aparılacaq.

Bununla yanaşı, hazırda Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərinin avtomatlaşdırma sistemlərinin yenilənməsi istiqamətində də ilk əhəmiyyətli addımlar atılır. Bu işin başlanğıcı kimi, "Nərimanov" elektrik deposu ərazisində "ox sayğacı" bazasında yeni sistemin quraşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır, orijinal mühəndis layihə həlli ilə seçilən yeni mərkəzləşmə məntəqəsi inşa olunur və ən müasir avadanlıqlarla təchiz edilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro  





Xəbər lenti