Liviyada savaş davam edir

  16 Aprel 2019    Oxunub : 766
 Liviyada savaş davam edir
Liviyanın Fayez Sarracın başçılığı altındakı Milli Konsensus Hökumətinə məxsus hərbi təyyarələr paytaxt Tripolidən 650 kilometr aralıda Əl-Cufra kəndinin Hun bölgəsində general Xəlifə Həftarın hərbi qərargahını bombalayıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Həftarın qüvvələri hücuma raket əleyhinə vasitələrlə cavab verib. Qarşıdurma zamanı hər iki tərəfin verdiyi itkilərin dəqiq sayı bilinmir.

Qeyd edək ki, 2011-ci ildə Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin öldürülməsindən sonra ölkədə ikihakimiyyətlilik hökm sürür. Liviyanın şərqini seçkili parlament, paytaxt Tripoli də daxil olmaqla qərb ərazilərini isə BMTAvropa İttifaqının dəstəyilə formalaşdırılan, Fayez Sarracın başçılığı altındakı Milli Konsensus Hökuməti idarə edir. Şərqdəki hakimiyyət Tripoliyə tabe olmur və Xəlifə Həftarın Liviya Milli Ordusu (LMO) ilə əməkdaşlıq edir.

Aprelin 4-də Həftar Tripolinin “terrorçulardan və onları dəstəkləyən hökumətdən azad olunması” üçün şəhərə qarşı hücuma keçmək əmri verib. Nəticədə, LMO Tripolinin cənub-qərbindəki bir neçə rayonu, o cümlədən beynləxalq hava limanını döyüşsüz ələ keçirib. Buna cavab olaraq milli razılıq hökumətinə sadiq silahlı qüvvələr LMO-ya qarşı “Qəzəb vulkanı” adlı hərbi əməliyyatların başlandığını elan edib.

Hazırda tərəflər Tripoli uğrunda döyüşləri davam etdirirlər. Artıq Həftarın ordusu Tripoli yaxınlığındakı hava limanına nəzarəti itirərək geri çəkilib. Tərəflər arasındakı döyüşlərdə indiyədək 147 nəfər həyatını itirib, 600-dən çox insan yaralanıb. Onların əksəriyyətinin dinc sakinlər olduğu bildirilir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Liviya   Tripoli   BMT