Liviyada ölənlərin sayı 174 nəfərə çatıb

Liviyada ölənlərin sayı 174 nəfərə çatıb
  16 Aprel 2019    Oxunub:2034
Hazırda Liviyada gedən döyüşlər nəticəsində həyatını itirənlərin sayı 174-ə çatıb. 756 nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Liviya şöbəsi "Twitter"dəki rəsmi səhifəsində məlumat yayıb. Qeyd olunub ki, ÜST Liviyadakı xəstəxanalara yardım üçün cərrahlardan ibarət əlavə komanda göndərib.

Bundan əvvəl isə Liviyada ölənlərin sayının 147 nəfər, yaralıların isə 600-dən çox olduğu bildirilirdi. Onların əksəriyyəti dinc sakinlərdir.

Qeyd edək ki, 2011-ci ildə Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin öldürülməsindən sonra ölkədə ikihakimiyyətlilik hökm sürür. Liviyanın şərqini seçkili parlament, paytaxt Tripoli də daxil olmaqla qərb ərazilərini isə BMT və Avropa İttifaqının dəstəyilə formalaşdırılan, Fayez Sarracın başçılığı altındakı Milli Konsensus Hökuməti idarə edir. Şərqdəki hakimiyyət Tripoliyə tabe olmur və Xəlifə Həftarın Liviya Milli Ordusu (LMO) ilə əməkdaşlıq edir.

Aprelin 4-də Həftar Tripolinin “terrorçulardan və onları dəstəkləyən hökumətdən azad olunması” üçün şəhərə qarşı hücuma keçmək əmri verib. Nəticədə, LMO Tripolinin cənub-qərbindəki bir neçə rayonu, o cümlədən beynləxalq hava limanını döyüşsüz ələ keçirib. Buna cavab olaraq milli razılıq hökumətinə sadiq silahlı qüvvələr LMO-ya qarşı “Qəzəb vulkanı” adlı hərbi əməliyyatların başlandığını elan edib.

Hazırda tərəflər Tripoli uğrunda döyüşləri davam etdirirlər. Artıq Həftarın ordusu Tripoli yaxınlığındakı hava limanına nəzarəti itirərək geri çəkilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: ÜST   Liviya  





Xəbər lenti