“Instagram” Qasım Süleymaninin hesabını bağladı

“Instagram” Qasım Süleymaninin hesabını bağladı
  16 Aprel 2019    Oxunub:2096
“Instagram” İranın xaricdəki məxfi əməliyyatları və hərbi tapşırıqlarını icra edən xüsusi Qüds qoşunlarının komandiri, general-mayor Qasım Süleymaninin sosial şəbəkədəki hesabını bağlayıb.
Azvision.az xəbər verir ki, buna səbəb Vaşinqtonun İranın İnqilab Keşikçiləri Korpusunu ABŞ-ın terror qruplaşmaları siyahısına salmasıdır.

Qasım Süleymaninin “Instagram”dakı səhifəsinə daxil olmaq istəyənlər hesabın rəsmi olaraq bağlandığı barədə məlumatla rastlaşırlar. Süleymaninin “Instagram”da 888 min izləyicisi var idi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 8 apreldə İnqilab Keşikçiləri Korpusunun terror qruplaşmaları siyahısına salındığını bəyan edib və bu qərar ötən gün rəsmən qüvvəyə minib. Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib ki, bu addımla Vaşinqton İrandakı rejimə maksimum təzyiq edilməsinə sadiq olduğunu nümayiş etdirir. Buna cavab olaraq, İranın Milli Təhlükəsizlik Ali Şurası da ABŞ Silahlı Qüvvələrinin Yaxış Şərqdəki komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına salıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Instagram   ABŞ  





Xəbər lenti