Zelenskinin reytinqi pik həddə çatıb

 Zelenskinin reytinqi pik həddə çatıb
  18 Aprel 2019    Oxunub:2040
Ukraynada prezident postu uğrunda seçki marafonu başa çatır. Artıq bu həftənin bazar günü – 21 apreldə keçiriləcək seçkilərin ikinci turunda Ukrayna əhalisi növbəti 5 ildə ölkənin daxili və xarici siyasətini müəyyənləşdirəcək əsas şəxsin kim olacağına qərar verəcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukraynada prezident seçkilərinin ikinci turuna 3 gün qalmış namizədlər arasında reytinq fərqi daha da çoxalıb. Əhali arasında keçirilən son rəy sorğularına əsasən, səsvermədə iştirak edəcəklərini deyən vətəndaşların təqribən 70%-i prezidentliyə namizəd şoumen Vladimir Zelenskini dəstəkləyəcəklərini bildiriblər.

Digər namizəd – Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenkoya isə seçicilərin cəmi 25%-i səs vermək niyyətindədir. Belə vəziyyətdə ikinci turda öz şansını artırmaq üçün Poroşenkonun hər gün sosial şəbəkələr vasitəsilə Ukrayna gəncləri ilə ünsiyyətə başladığı, telekanallara mütəmadi müsahibələr verdiyi və fəaliyyətlərindən əhalinin illərlə narazılıq etdiyi məmurları işdən qovmağa başladığı deyilir.

Lakin ekspertlərə və rəy sorğularına görə, bu cəhdləri Poroşenkonun seçki marafonunda qalibiyyətini təmin etməyə yetmir. Çünki rəqibi Zelenski ilə aralarındakı səs fərqi olduqca böyükdür.

Həmçinin vurğulanıb ki, əksinə, Zelenskinin heç bir KİV-lə və ya öz seçiciləri ilə hansısa birbaşa görüş, mətbuat konfransı keçirməməsinə, hətta Poroşenko ilə debatdan imtina etməsinə baxmayaraq, reytinqi artmaqda davam edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Seçki   Poroşenko   Zelenski  





Xəbər lenti