11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir

11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir
  21 Aprel 2019    Oxunub:5026
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 21-də 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 11-ci sinif şagirdləri üçün imtahanlar keçirəcək.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 52 abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan vermələri üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İmtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 68 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 22 min 748 (Mingəçevirdə 964, Şəmkirdə 1387, Gədəbəydə 654, Ağstafada 643, Qazaxda 699, Tovuzda 1546 , Balakəndə 652, Zaqatalada 1044, Qaxda 429, Yardımlıda 586, Cəlilabadda 1572, Masallıda 1276, Lerikdə 440, Göyçayda 876, Ağdaşda 820, Ucarda 538, İsmayıllıda 796, Qobustanda 284, Ağcabədidə 1241, Füzulidə 685, Beyləqanda 823, Salyanda 968, Neftçalada 502, Hacıqabulda 352, Qusarda 840, Qubada 1265, Siyəzəndə 347, Xızıda 108, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərdə – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində 411) nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 198 imtahan rəhbəri, 2019 nəzarətçi müəllim, 226 buraxılışı təşkil edən əməkdaş, 68 bina nümayəndəsi ayrılıb.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti