Qabiliyyət imtahanlarının şərtləri dəyişib

 Qabiliyyət imtahanlarının şərtləri dəyişib
  25 Aprel 2019    Oxunub:3399
2019/2020-ci tədris ilində qəbul modelində edilən dəyişiklik qabiliyyət imtahanlarında da öz əksini tapıb.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev "Xüsusi qabiliyyət imtahanları" jurnalının təqdimat mərasimində deyib. O bildirib ki, bu il keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib.

“Dəyişikliyə əsasən, V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılacaqlar. Əvvəllər dövlət və ödənişli sifarişli yerlərdə müsabiqə şərtləri fərqlənirdi. Bu il isə hər ikisində eyni şərtlərdir, hamısı üçün 60 və daha çox bal yığmaq tələb olunur”.

Şöbə müdirinin sözlərinə görə, dizayn ixtisası "Təsviri sənət" istiqamətinə daxil edilib: "Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst imkanı verilib. Abituriyentlər birinci rəsm imtahanında iştirak etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncədə keçiriləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM   imtahan  





Xəbər lenti