ASAN xidmət və ÇƏTİN adamlar

ASAN xidmət və ÇƏTİN adamlar
  21 Noyabr 2013    Oxunub:2018
Müsəllim Həsənov

Gəlin etiraf edək ki, bir çoxlarımız qayda-qanundan yan keçməyə, bu yankeçmə üçün nəsə ödəməklə işimizi “asanlaşdırmağa” bir növ, adət etmişik. Hətta qanunların guya indikindən daha yaxşı işlədiyi sovet dönəmində də belə olub, sonralar da...
Amma sonralar, elə indinin özündə də bu yankeçmə adamlarda ciddi etiraz, narazılıq doğurur. Məsələn, adi arayış almaq üçün mən niyə əlavə pul ödəməliyəm? Sürücülük vəsiqəsini dəyişdirmək niyə problemə çevrilir? – və s. və i.a.

Maraqlı və haqlı suallardır!

Ölkədə fəaliiyət göstərən “ASAN xidmət” bu kimi sualları aradan qaldırmağa çalışır, özü də pis çalışmır.

Bu qurumun yaradılmasında məqsəd hamımızın, az qala, hər gün narazılıq etdiyimiz xidmətlərdən istifadəni asanlaşdırmaqdır. Sürücülük vəsiqəsini dəyişmək istəyirsən? Buyur, süründürməçilik, ən başlıcası “əlavə xərc” çəkmədən sənədini al. Şəxsiyyət vəsiqəsi almağa və ya dəyişdirməyə görə hansısa məmurdan kömək ummağa ehtiyac yoxdur. Sənədlərini qaydaya sal və “ASAN xidmət”ə üz tut…

Bütün bunlar və sadalamağa ehtiyac duymadığım 20-dən çox xidmət, ən başlıcası isə mədəni xidmət, insan kimi xidmət “ASAN xidmət”dədir. Amma belə mədəni və asan xidmətin dəyərini hələ tam anlaya bilməyənlər də var.

...Yenicə dünyaya gəlmiş övladına doğum haqqında şəhadətnamə almaq istəyən bir dostum “ASAN xidmət”ə üz tutur. Gedir və incik qayıdır. Niyə? Ona deyirlər ki, əvvəlcə valideynlərin şəxsiyyət vəsiqəsi dəyişilməlidir, çünki vaxtı bitib. İkincisi, sənəd verilərkən hər iki valideyn burada olmalıdır. Bax, bu tələblər dostumu cin atına mindirib və onu doğum haqqında şəhadətnaməni başqa bir icra orqanından qeyri-qanuni yolla almağa vadar edib. Öz dediyinə görə, “cəmi 20 manata”…

Bir başqa tanışım isə uzun illərdən bəri etbarnamə ilə idarə etdiyi avtomobili öz adına rəsmiləşdirmək istəyəndə əsəbiləşib. “ASAN xidmət”də ona deyiblər ki, sənədləşmədə avtomobilin əsil sahibi şəxsən iştirak etməlidir. Tanışım isə həmin şəxsi tapmağa tənbəllik edib. Qonşusunun etibarnamə ilə idarə etdiyi avtomobilə onun əsil sahibinin hansısa banka borcu olduğundan həbs qoyulduğunu bildiyi halda…

Deməli, xidmət ASAN olsa da, biz çətin adamlarıq. Bir tərəfdən qanunun tələb etdiyi sənədləri düzəltməyə can çəkirik, o biri tərəfdən qanuni sənəd istəyirik. Özümüzə sual vermirik ki, nə vaxta qədər adi bir sənəd düzəltməkdən ötrü əyri yollar axtaracağıq? Nə vaxta qədər kiçik bir məmurun kobud davranışına baş əyib onun masasının siyirməsinə “20 manat atmaq”la iş düzəltməkdən fəxrlə danışacağıq?..


Teqlər:  





Xəbər lenti