Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb
  30 Aprel 2019    Oxunub:2836
Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərdə – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
İmtahanda iştirak etmiş şagirdlər (32966 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Martın 3-də keçirilmiş imtahanın nəticələri isə aprelin 18-də DİM-in saytında yerləşdirilib. On üç gün ərzində imtahanda iştirak etmiş 37 min 434 nəfərdən 27 min 063-ü öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 10 min 863 nəfər baxıb.

Martın 10-da keçirilmiş imtahanın nəticələri isə aprelin 23-də DİM-in saytında yerləşdirilib. Səkkiz gün ərzində imtahanda iştirak etmiş 39 min 011 nəfərdən 26 min 220 öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 7 min 112 nəfər baxıb.

Abituriyentlərin, onların valideynlərinin, həmçinin müəllimlərinin nəzərinə çatdırılır ki, imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) şagirdə məxsus səhifədə baxmaq mümkündür. Şagirdlərin nəticələrinin təhlili gələcəkdə onlara müvafiq fənlər üzrə öz bilik və bacarıqlarını daha da inkişaf etdirməyə kömək ola bilər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, frac{1}{3}, frac{1}{2}, frac{2}{3} və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəllə DİM-in rəsmi saytında tanış olmaq mümkündür) şagirdlərin:

Xarici dil fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və frac{10}{7}-a vurulur.

Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir.

Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) mayın 6-7-də saat 10:00-dan 17:00-dək Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 1-3-də DİM və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Apellyasiya komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apellyasiya komissiyasının iclasında iştirak edə bilər.

Martın 31-də keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə elan olunacaq. Gürcü bölməsi üzrə imtahan verən şagirdlərin nəticələri növbəti həftə ərzində elan ediləcək.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti