AB ilə Saziş müxalifəti niyə narahat edir: 4 əsas səbəb – TƏHLİL

  30 Aprel 2019    Oxunub : 6842
 AB ilə Saziş müxalifəti niyə narahat edir: 4 əsas səbəb – TƏHLİL
Siyasətdə bəzən məntiqi izahı ilk baxışdan çox çətin olan hallarla üzləşirik. Məsələn, başqa vaxt Avropaya inteqrasiyanın tərəfdarı olan, Azərbaycanın Avropa Birliyi ilə daha da sıx münasibətlər qurmasını tələb edən “qərbyönümlü” müxalifətin bu istiqamətdə atılan böyük və real addımı pisləməsi kimi.
Əvvəlcə insanda bir çaşqınlıq yaranır: Axı bu müxalifətin özü hər zaman Avropa struktularına can atırdı; hətta mitinqlərində belə, AB bayrağını ucaldırdı; Qərb dəyərlərini göylərə qaldırır və Azərbaycanın Qərblə tərəfdaşlığını yeganə düzgün yol kimi göstərirdi; elə indinin özündə də bir ayaqları Avropadadır – tez-tez ora səfərlər edir, müxtəlif qurumların tədbirlərinə qatılırlar. Elə isə, bunlar Bakı ilə Brüsselin imzalayacağı Sazişi dördəlli dəstəkləməli idilər axı...

Azərbaycan ilə Avropa Birliyinin arasında imzalanacaq saziş ölkəmiz üçün həqiqətən çox ciddi hadisədir. Çünki hazırda AB bizim əsas tərəfdaşlarımızdan biri olsa da, münasibətlərimiz hələ də 1996-cı ildə imzalanmış, 99-cu ildə isə qüvvəyə minmiş sazişlə təmzimlənirdi. Həmin müddətdən bəri bir çox sahələrdə xeyli ciddi dəyişikliklər olub, ona görə də sənəd artıq köhnəlib və bir çox yeni reallıqları əhatə etmir.

Yeni sazişin nə qədər ciddi məsələ olması haqda təsəvvür yaratmaq üçün sadəcə deyək ki, onun hazırlanmasının sonuncu mərhələsinin üzərində 3 ildir ki, intensiv iş gedirdi. Nəhayət, bu işlər yekunlaşmaq üzrədir. Amma Sazişin imzalanacağı böyük tarixi gün yaxınlaşdıca, ona qara yaxmağa çalışanlar da fəallaşırlar. Niyə? Bu sazişdə müxalifəti narahat edən nə ola bilər?
Səbəblərə baxaq.

1. Geosiyasi amil

Nəzərə alsaq ki, Saziş Azərbaycan ilə AB-nin tərəfdaşlığını strateji münasibətlər səviyyəsinə qaldıracaq , başa düşmək çətin deyil ki, onun imzalanması kimləri, hansı qüvvələri narahat edə bilər. Sirr deyil ki, özünü “Milli Şura” adlandıran qurum üzdə qərəbpərəst görünsə də, əslində Azərbaycanın Qərblə inteqrasiyasına qarşı olan qüvvənin layihəsi kimi yaranmışdı, elə indi də bu asılılığı davam edir. Buna görə də, istisna deyil ki, onlar sırf xarici sifariş yerinə yetirərək, Azərbaycanın AB ilə imzalayacağı Sazişi aktiv şəkildə pisləyirlər. Nəzərə almaq lazımdır ki, təkcə Milli Şura yox, xaricdə ölkəmizə qarşı fəaliyyət göstərən bəzi şəxslərin də (Arif Məmmədov, Orduxan Teymurxan kimi) iplərinin bir ucu Rusiya kəşfiyyatının əlinə gedib çıxır. Ona görə də, AB iə sazişin pislənməsinə geosiyasi amilin təsirini mütləq nəzərə almaq lazımdır.

2. Siyasi amil

Azərbaycanın AB ilə münasibələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Qərbdə ölkəmizi pisləyənlərin bazarını bağlayacaq. Onlar indiki kimi rahatlıqla Azərbaycanın haqqında böhtan, qarayaxma kampaniyası apara bilməyəcəklər. Məsələn, Avropa qurumlarında keçirilən tədbirlərdə “Azərbaycanda diktatura var” kimi sərsəm böhtanlar səsləndirmək olmayacaq – çünki söhbət AB-nin strateji tərəfdaşı olan bir dövlətdən gedəcək. Bundan sonra istər-istəməz Azərbaycanı gözdən salmaq elə həm də Avropa Birliyini gözdən salmaq demək olacaq. Təbii ki, Avropa Birliyinin üzvləri də artıq strateji tərəşdaşları olan bir ölkənin haqqında mənfi rəylərin yaradılmasına sakit yanaşmayacaqlar. Bunun təsiri özünü Avropa mediasında da göstərəcək. Belə vəziyyət isə Qərbdə Azərbaycan əleyhinə kampaniyalar təşkil edənlərə qətiyyən əl vermir.

3. "Mühacir biznesi"nin bazarı bağlanır

Azərbaycanla Avropa Birliyinin arasında imzalanan saziş rəsmi orqanlar səviyyəsində koordinasiyanı gücləndirəcək. Nəticədə bəzi radikal partiyaların üzvləri yalandan özlərini “siyasi mühacir” kimi qələmə verərək, Avropadan sığınacaq ala bilməyəcəklər. Artıq Avropaya sığınmış olanlar isə özlərini Azərbaycanın yurisdiksiyasından kənar, “dərə xəlvət, tülkü bəy” şəraitində hiss etməyəcəklər. Bundan başqa, radikal partiya bosslarının Avropaya mühacir göndərmək üçün pulla arayış satmaq biznesi bilmərrə bağlanacaq . O səbəbdən, Avropa ilə imzalanacaq Sazişi pisləyərkən, onlar əslində həm də öz bizneslərini müdafiə edirlər.

4. Hakimiyyətin imici

AB ilə imzalanan tərəfdaşlıq Sazişi bu reallığı növbəti dəfə təsdiqləyəcək ki, Azərbaycanda Avropa ilə əməkdaşlıqda maraqlı olan, Avropanın müxtəlif sahələrdəki standartlarını tətbiq edən, açıq, şəffaf, demokratik bir hakimiyyət mövcuddur. Radikallar isə bunun tam əksi olan bir mənzərəni yaratmaq üçün gecə-gündüz çalışırlar. Azərbaycanda guya Avropa dəyərlərini saymayan, qapalı bir hakimiyyətin olduğunu dünyaya car çəkmək üçün çalışan iki qüvvə var: Daxildəki radikal müxalifət və xaricdə erməni şəbəkəsi. Bakı ilə Brüsselin imzalayacağı Saziş onların ikisinin də səylərini puç edir.

Bu dörd səbəbdən radikallar durmadan Azərbaycanla AB arasında imzalanacaq sazişi pisləməyə çalışırlar. Amma Azərbaycan bu addımı yalnız milli maraqlarımıza uyğun olduğu üçün atır. Bu, bütün tərəfləri yaxşı ölçülüb-biçilmiş, hesablanmış bir gedişdir, nəticəsini də yaxın vaxtlarda görəcəyik.

Vüsal Məmmədov
Azvision.az

Teqlər: Avropa-Birliyi   Saziş