Qazlı Vilnüs sammiti – TƏHLİL

  21 Noyabr 2013    Oxunub : 489
Qazlı Vilnüs sammiti – TƏHLİL
Sahil İsgəndərov,
siyasətşünas

Bu ilin əvvəlini Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” Proqramının üzvü olan 4 dövlət arasındakı münasibətlərdə “bal ayı” kimi qiymətləndirmək olar. Belə ki, Brüssel noyabrın sonunda “Şərq tərəfdaşlığı”nın Vilnüs sammitində Ukrayna ilə Assosiasiya və azad ticarət zonası barədə sazişləri imzalamağa, Ermənistan, Gürcüstan və Moldova ilə analoji sənədləri paraflaşdırmağa hazır olduğunu bildirdi. Amma necə deyərlər, sən saydığını say, gör Rusiya nə sayır.

Belə ki, MDB məkanını müstəsna şəkildə özünün geosiyasi təsir zonası sayan Moskva, son illər burada “inteqrasiya proselərini dərinləşdirmək” adı altında öz laxlamış nüfuzunu yenidən möhkəmləndirmək üçün Gömrük və Avrasiya İttifaqları layihələrini gerçəkləşdirməyə çalışır. Və “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən postsovet ölkələrinin Avropa İttifaqı ilə yaxınlaşmasını əngəlləmək üçün bütün mümkün olan təzyiq vasitələrindən istifadə edir.

Öncə Rusiyanın vassalı Ermənistan təslim oldu ki, bunda da təəccüblü heç nə yoxdur. Təəccüblü yalnız o idi ki, Brüssel uzun müddət İrəvanın həqiqətən də müstəqil xarici siyasət yürütmək iqtidarında olmasını ciddi qəbul edirdi və ya özünü belə göstərirdi. Əslində isə Avropa İttifaqını daha çox Moskvanın Kiyevi öz mövqeyindən döndərmək cəhdləri narahat etməli idi.

Təəssüf ki, bəzi məqamlar bunun tam əksini göstərir. Rusiya onunla eyni etnokonfessional (slavyan və pravoslavlıq amilləri) köklərə malik olan Ukraynanı hər vəchlə öz layihələrinə qoşmağa çalışır ki, bunun da bir neçə səbəbi var.

Əvvəla, 46 milyonluq Ukrayna Rusiyadan sonra ərazi baxımından Avropada ən böyük dövlətdir.

İkincisi, güclü sənaye potensialına malik olan Ukrayna eyni zamanda böyük əmtəə bazarıdır ki, Moskva belə məkanı əldən vermək istəmir. Əgər Kiyevlə Brüssel arasında azad ticarət zonası barədə saziş imzalanarsa, Rusiya malları bu bazarda daha yüksək keyfiyyətli Avropa malları ilə rəqabət apara bilməyəcək.

Üçüncüsü, Ukrayna uzun illər həm böyük həcmdə Rusiya qazının istehlakçısı, həm də nəqlində əlverişli tranzit qovşağı rolunda çıxış edir. Hərçənd, son bir neçə ildə yaşanan qaz “müharibələri” və iki dövlət arasındakı gərginlik bu sahədə əməkdaşlığı xeyli məhdudlaşdırıb. Tranzit məsələsində Kiyevin iradəsindən asılı olmaq istəməyən Moskva alternativ “Şimal axını” layihəsini işə salıb və “Cənub axını” qaz kəmərinin inşası istiqamətində intensiv işlər aparır.

Kreml habelə Ukraynaya satacağı qaz üçün irəlicədən ödəniş tələb etmək fikrindədir. Rusiyanın baş naziri Dmitri Medvedev bunun üçün Kiyevə kreditlə bağlı Brüsselə müraciət etməyi məsləhət görüb.

Vilnüs sammiti ərəfəsində sualın belə qoyuluşu siyasi təzyiq elementlərinin gücləndiyindən xəbər verir. Ukrayna isə ilbəil Rusiyadan aldığı qazın həcmini azaltmaqla bu sahədə Moskvadan asılılığını minimuma endirməyə çalışır. Maraqlıdır ki, bu yönümdə yaranan boşluğu elə həmin Rusiya qazını Almaniya, Macarıstan və Polşadan reverslə min kubmetrinə görə 380 dollara almaqla doldurur. Nə qədər təccüblü görünsə də, həmin ölkələrə Moskva Ukraynadan daha ucuz qiymətə satır. Belə ki, hazırda Kiyevin Rusiyadan birbaşa aldığı qazın qiyməti 420 dollar civarındadır. Özü də bu qiymət hətta Rusiyanın Qara Dəniz donanmasının Sevastopolda qalmasının müddəti 2042-ci ilə qədər uzadıldıqdan sonra təxminən 70-80 dollar aşağı salınmış qiymətdir.

Yeri gəlmişkən, Moskvanın Kiyevi Avropa İttifaqı ilə inteqrasiyadan çəkindirmək cəhdləri həm də elə Rusiyanın Qara Dəniz donanması ilə bağlıdır. Kreml son nəticədə Kiyevin NATO-ya meyllənmsənidən və Qara Dəniz donanmasının Ukraynadan çıxarılması tələbini gündəmə gətirə bilməsindən ehtiyatlanır ki, bu da Rusiyanın Qara Dənizdə iştirakına son qoyulması deməkdir.

Moskvanın Ukraynanı hər vəchlə Gömrük və Avrasiya İttifaqlarına qoşmaq cəhdlərinin arxasında habelə sivilizasiya və etnokonfessional identiklik və geosiyasi amillər dayanır. Məhz etnokonfessional baxımdan qohum olan üç slavyan dövləti—Belarus, Rusiya və Ukrayna 22 il əvvəl Sovetlər İttifaqının süqutunu və MDB-nin yaranmasını rəsmiləşdirdilər. İndi Ukraynasız postsovet məkanında yarana biləcək istənilən bir qurumun möhkəm və davamlı olacağı inandırıcı görünmür. Xüsusilə də, Minskin vaxtaşırı Moskvaya gözlənilməz qıcıqlandırıcı sürprizlər bəxş etməsi fonunda.

Beləliklə, Moskvanın üç slavyan dövlətinin birliyi əsasında MDB məkanında Rusiyanın dominantlığını təmin edə biləcək vahid iqtisadi-siyasi qurum yaratmaq cəhdləri nəticə vermir. Kiyev öz növbəsində Gömrük İttifaqında müşahidəçi statusunda iştirak etməyə və Avropa İttifaqı ilə Rusiya arasında körpü rolu oynamağa hazır olduğunu bildirir. Lakin Moskva özü bu rola iddialıdır. Özü də yalnız Ukraynaya münasibətdə yox, bütövlükdə MDB ölkələri ilə bağlı. Məhz bu səbəbdən Avropa İttifaqı ilə müxtəlif müstəvilərdə əlaqələrin gücləndirməyə çalışan Kreml digər MDB ölkələrinin bu qəbildən olan addımalrını qısqanclıqla qarşılayır.

Hazırda isə Kiyevlə dialoqda Moskva qamçı və kökə siyasətindən istifadə edir. Gah bəzi Ukrayna mallarını öz bazarlarına buraxmır, gah da ki, onun Gömrük İttifaqına üzvlükdən əldə edə biləcəyi dividendləri sadalayır.
Bütün bunlara baxmayaraq, Kiyev hələ ki, öz mövqeyində israrlıdr. Lakin, Vilnüs sammiti ərəfəsində Ukraynanın qarşısında öz həllini gözləyən bir problem də var ki, bu da heç də Rusiya ilə yox, elə Avropa İttifaqının özüylə bağlıdır. Belə ki, Brüssel Kiyevdən Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbsdən azad olunmasını tələb edir. Özü də vaxt daraldıqca imzalanması planlaşdırılan sazişlərin taleyini məhz bu məqamla şərtləndirir. Və deyəsən özü də fərqinə varmır ki, bununla da Moskvanın əlinə oynayır.

Amma bəlkə bu da təsadüfi deyil. Çünki Avropanın özündə Moskva ilə pərdəarxası oyunlarda bulunan dövlətlər və qüvvələr heç də az deyil. Digər tərəfdən, istisna deyil ki, Brüssel bu yolla Kiyevlə müqavilələrin imzalanmasını təxirə salmaqla, Ukrayna iqtisadiyyatı üçün hava və su kimi lazım olan kreditlər yükünü özündən uzaqlaşdırmağa çalışır. Yəni məntiqi baxımdan Kiyevi Moskva ilə qarşıdurmada tərk-silah edir. Belədə Vilnüs sammitinin Ukrayna üçün nəticəsiz bitməsi təhlükəsi daha çox real görünür. Elə Avropa İttifaqının özü üçün də.

Teqlər: