Azərbaycan elmi əsərlərin sayına görə Qafqazda birincidir

Azərbaycan elmi əsərlərin sayına görə Qafqazda birincidir
  01 May 2019    Oxunub:2254
AMEA-nın illik Ümumi yığıncağında akademiyanın Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Azərbaycan Milli Elmlər Akademiyasının elmi bazalarda bibliometrik göstəricilərinin müqayisəli təhlilinin nəticələri” mövzusunda çıxış edib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, alim bildirib ki, son illər AMEA-da mütərəqqi elmi əsaslara söykənən genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların əsas prinsipini və mahiyyətini ölkəmizin inkişaf strategiyasına uyğun olaraq elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, qabaqcıl texnologiyaların tətbiqi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, ən əsası ölkəmizin beynəlxalq səviyyədə elmi reytinqinin qaldırılması məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi kimi aktual problemlər təşkil edir.

AMEA-nın müxbir üzvü Ə.Sadıqov rəhbərlik etdiyi idarə tərəfindən “Web of Science, “Scopus” və bu kimi nüfuzlu bazalardan əldə olunan vebometrik elmi-analitik məlumatların təhlil edildiyini bildirib. AMEA-nın bu bazalarda mövcud vəziyyətinin 27 elm sahəsi və 315-ə yaxın elmi istiqamət üzrə araşdırıldığını, dünyada prioritet təşkil edən elm sahələrinin inkişaf tendensiyasının izlənildiyini deyib.

Ə.Sadıqov çıxışında AMEA-nın beynəlxalq nüfuzlu elmi bazalarda mövcud olan mühüm göstəricilərini sadalayıb. Qeyd edib ki, bu məlumatlar əsasən dünya elmi ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul olunan “Web of Science” və “Scopus” bazalarından əldə olunub.

2016-cı ildə dünyanın ən nüfuzlu elmmetrik bazası olan “Clarivate Analytics” (Thomson Reuters) təşkilatı ilə AMEA arasında sazişin imzalandığnı xatırladan Ə.Sadıqov sənədə əsasən AMEA-nın bütün elmi müəssisələrində işləyən alim və mütəxəssislərin “Clarivate Analytics” platformasının bibliometrik şəbəkəsi olan “Web of Science” bazasından istifadə etmək imkanı əldə etdiyini deyib.

Alim 2018-ci ilin ilkin baza məlumatları əsasında tərtib olunan statistik və analitik göstəriciləri açıqlayıb. Bildirib ki,1975-2019-cu illərdə “Web of Science” bazasına Azərbaycan üzrə bütün elmi, ali təhsil müəssisələri və digər təşkilatlardan 20 000-ə yaxın elmi əsər daxil olub və onların 72,2%-i AMEA-nın payına düşür. Qeyd edib ki, həmin bazaya daxil olan elmi əsərlərin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib və 2018-ci ildə də ölkə üzrə elmi, ali təhsil müəssisələri və digər təşkilatlardan daxil olan elmi əsərlərin 50%-dən çoxu AMEA-nın payına düşür.

Natiq dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilən digər nüfuzlu elmi baza olan “Scopus”da da müxtəlif illər üzrə AMEA-nın göstəricilərini təqdim edib. Ə.Sadıqov həmçinin dünyada elm sahələrinin inkişaf trendi, elmi əməkdaşlıq səviyyəsi, jurnalların beynəlxalq elmi bazalara inteqrasiyası, müxtəlif illər üzrə AMEA-da çalışan elmi işçilərin say göstəriciləri və s. mövzularda təqdimat edib.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti