Kanadada işləyən yeganə azərbaycanlı həkim-anestezoloq

   Kanadada işləyən yeganə azərbaycanlı həkim-anestezoloq
  02 May 2019    Oxunub:7241
Cərrahiyə əməliyyatlarının uğurlu alınmasında anestezoloqun böyük xidməti olsa da, biz adətən sonda cərraha minnətdarlıq edirik. Sanki onun əziyyəti kölgədə qalır.

Bəli, bu gün mən sizə Kanadada həkim-anestezoloq işləyən Leyla xanım Bağırzadədən söhbət açmaq istəyirəm. O, Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 1992-ci ildə 102 nömrəli məktəbdə başa vurub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb.
1998-1999-cu illərdə Bakıdakı xəstəxanalardan birində internatura keçərək anestezoloq-reanimatoloq ixtisasına yiyələnib. 2000-ci ilədək terapevt-həkim işləyib. 2000-2002-ci illərdə Boston Universitetində tam təqaüdlə oxuyaraq ictimai sağlamlıq üzrə magistr dərəcəsinə yiyələnib. 2002-ci ildə Kanadaya köçüb, 2005-ci ilədək Edmonton şəhərindəki Alberta Universitetində doktorant kimi elmi tədqiqatlar aparıb. 2005-2010-cu illərdə Kalqari Universitetinin anestezologiya şöbəsində rezident olub. Sonra Kanadanın Kral Kollecinin həkim və cərrahlar üçün imtahanlarını müvəffəqiyyətlə verərək həkim işləmək izni alıb. 2011-2012-ci illərdə Toronto Universitetinin Sinay Hospitalında tam təqüdlə təkmilləşdirmə kursu keçib və mama-anestezoloq ixtisasına yiyələnib. 2013-cü ildən Kalqari Universitetinin Tibb Mərkəzində öz ixtisası üzrə həkim işləyir.

Atası Babək Bağırzadə ixtisasca elektrik mühəndisi olub. 2005-ci ildə vəfat edib. Anası Tamella xanım texnika elmləri namizədidir. Uzun illər indiki Azərbaycan Dövlət Texniki Universitetinin elektrotexnikanın nəzəri əsasları kafedrasında dosent işləyib. Hazırda təqaüddədir.

Ömür-gün yoldaşı Murad İbrahimov ixtisasca mühəndisdir. Məşhur "Siemens" şirkətində tibbi avadanlıqlar üzrə mütəxəsis vəzifəsində çalışır. Eldar adında bir oğlu vardır. Eldar 11 yaşındadır…

Deyir ki,- "Kanadada yaşamaq istəyənlər yaxşı olar ki, buraya gələn kimi təhsildən başlasınlar. Burada təhsil alan insanların üzünə bütün qapılar açıqdır. Hər hansı bir peşəni mükəmməl bacaranlar da gələ bilərlər. Bu ölkədə peşəkar ustalar hər yerdə iş tapa bilərlər".

Amerikada azərbaycanlı həkimləri bir araya gətirən "Azerbaijani American Medical Association"nun üzvüdür. Bu günlərdə həmin təşkilatın Vaşinqtonda keçiriləcək konfransına hazırlaşır. Söylədiyinə görə, həmin tədbirdə həkimlərdən ibarət briqada yaratmağı, ildə bir dəfə Azərbaycana gedib bölgələrdə cərrahiyə əməliyyatlarının aparılmasını təklif edəcək.

Həmsöhbəti ilə rahat ünsiyyət yaratmağı bacaran bu xanımla tanışlığımızdan məmnun qaldım. Və əmin oldum ki, Kanadada Azərbaycanı təmsil edən bir gözəl ailə də yaşayır. Arzularının çoxu yeganə övladı Eldarla bağlıdır. Onun tərbiyəsi ilə xüsusi məşğul olur. Məktəbə, musiqi dərslərinə aparıb gətirir. Ana dilində mükəmməl yazıb oxuması üçün əlindən gələni əsirgəmir.

Zarafat deyil, haqqında söhbət açdığım Leyla Bağırzadə əhalisinin 170 minə yaxını azərbaycanlı olan Kanadada yeganə xanım həkim-anestezoloqdur.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: Kanada   Həkim  





Xəbər lenti