Astarada mal-qara oğruları tutulub

  03 May 2019    Oxunub : 581
Astarada mal-qara oğruları tutulub
Astara rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Cənub regional mərkəzindən məlumat verilib.

Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini A.Əliyev DİN-in "102" xidməti-zəng mərkəzinə müraciət edərək ona məxsus fermadan 900 manat dəyərində 6 baş qoyunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını rayonun Şahağacı kənd sakini A.Babayev və onun həmkəndlisi olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib və hər iki şəxs saxlanılıb.

Digər əməliyyat tədbiri nəticəsində isə Astara sakininin həyətindəki tövlədən 1500 manat qiyməti olan dananı oğurlayan şəxslər saxlanılıb. Belə ki, Astara rayonunun Səlivə kənd sakini S.Kərimzadənin Lənkəran rayonunun Kərgəlan kəndində yaşayan bacısı T.Kərəmzadə və qardaşı T.Kərəmzadə ilə birlikdə həmkəndlisi olan bir qadının həyətindəki tövlədən erkək dananı oğurlayaraq Lənkəran rayonu ərazisində satdıqları məlum olub. Həmin heyvanın yeri müəyyən edilərək sahibinə qaytarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN