“Azərbaycanın elm mərkəzinə çevrilməsi üçün hər cür şərait var” - Akif Əlizadə

“Azərbaycanın elm mərkəzinə çevrilməsi üçün hər cür şərait var” -  Akif Əlizadə
  06 May 2019    Oxunub:2541
2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Akademik vurğulayıb ki, hazırda elmi potensialın inkişafı və ondan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması, xüsusən "elm-iqtisadiyyat” münasibətlərinin müasir dövrün tələbləri baxımından yenidən qurulması Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran əsas vəzifələrdən biridir.

"Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən siyasət Azərbaycan dövlətinin dünyada baş verən qlobal sosial-iqtisadi dəyişikliklərə adekvat reaksiyası olmaqla yanaşı, həmçinin güclü və müasir dövlət naminə son dərəcə uğurlu bir "elm-iqtisadiyyat birliyi” modelidir. Bu siyasət bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında da bir çox vəzifələr qoyur. Konsepsiyada Azərbaycanın gələcək inkişafı ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı”na keçid, insan kapitalının adekvat inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi kimi prinsiplərin reallaşdırılmasında götürülür ki, bu prinsiplərin də həyata keçirilməsi ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Xüsusən, bilik və mədəniyyət sahəsinin vəzifələri ilə informasiya texnologiyalarının inkişafı arasında əlaqələrin müəyyənləşdirilməsi elmi yanaşmalar olmadan mümkün deyildir".

A.Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edir.

"O, elan edib ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Azərbaycan alimləri bu çağırışı özlərinin elmi fəaliyyətlərinin strateji hədəfi kimi qəbul edirlər. Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait var. İndi Akademiya bu istiqamətdə köklü islahatlar aparmaqdadır. Konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur. Bu islahatların strateji məqsədi isə mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir. Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir"-, deyə AMEA prezidenti vurğulayıb.

Azvision.az


Teqlər: AMEA   Akif-Əlizadə  





Xəbər lenti