“Məktəb-ailə münasibətləri düzgün qurulmalıdır” - Təhsil naziri

  “Məktəb-ailə münasibətləri düzgün qurulmalıdır” -    Təhsil naziri
  07 May 2019    Oxunub:3178
Peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, məktəbəqədər təhsillə əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması, ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma mərasimində deyib. Nazir bildirib ki, təhsilin məzmununun gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından yenilənməsi mühüm prioritetlərdəndir.

“Ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, növbəti tədris ilində 20 məktəbdə peşəyönümlü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilib. Ümumi təhsil müəssisələrində mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili məktəb-ailə münasibətlərinin düzgün qurulmasının ən vacib məsələlərdəndir”.

C.Bayramov əlavə edib ki, ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşıllaşdırılması, ölkədə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması istiqamətində əhəmiyyətli qərarlar qəbul olunub.

“Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari ilin martın 1-dən 16 min vahid artırılıb. Bununla yanaşı, tələbələrə verilən təqaüdün məbləği də 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib. Eyni zamanda bakalavriat səviyyəsində dövlət sifarişli yerlər 66 faiz artaraq 20 500-ə çatdırılıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ceyhun-Bayramov   Təhsil-Nazirliyi  





Xəbər lenti