Veteran neftçilər təltif olundu

Veteran neftçilər təltif olundu
  09 May 2019    Oxunub:4039
Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft sənayesnin keçmiş əməkdaşlarından 17 nəfərini “Fəxri neftçi” döş nişanı ilə təltif edib.
SOCAR-dan Azvision.az -a verilən məlumata görə, Bakı, Sumqayıt, Siyəzən, Salyan və Qaradağda yaşayan neftçi müharibə veteranlarından 9 nəfəri “Azneft” İstehsalat Birliyi, 3 nəfəri Kompleks Qazma İşləri Tresti, 1 nəfəri “Neftqaztikinti” Tresti, 1 nəfəri “Azərikimya” İB, 1 nəfəri Heydər Əliyev adına Neft Emalı Zavodu, 1 nəfəri “Neftqazelmitədqiqatlayihə” İnstitutu, 1 nəfəri isə Geologiya və Geofizika idarəsində çalışıblar.

SOCAR-ın məsul şəxsləri Qələbə günü ərəfəsində veteranlarla görüşərək onları təbrik etmiş, “Fəxri Neftçi” döş nişanları və pul mükafatlarını onlara təqdim etmişlər.

Xatırladaq ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında döyüş cəbhələrinə 700 min oğul və qızını yollamış Azərbaycan xalqının xüsusi rolu olub. Müharibədə göstərdikləri igidliyə görə 123 nəfər həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox azərbaycanlı əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Qanlı döyüşlərdə 300 mindən çox azərbaycanlı həlak olub. Azərbaycanlılardan təşkil edilmiş diviziyalar Qafqazdan Berlinədək döyüş yolu keçib, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub.

Qeyd edək ki, İkinci Dünya Müharibəsində qazanılmış tarixi qələbədə Azərbaycan nefti və neftçiləri həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, emal olunan aviasiya benzini və yüksəkkeyfiyyətli yağların isə 85-90%-i Azərbaycanın payına düşüb. 1941-ci ildə Azərbaycan tarixində rekord səviyyədə - 23,5 mln. ton neft istehsal olunub və bu, SSRİ üzrə neft hasilatının 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 mln. ton neft, 22 mln. ton benzin və digər neft məhsulları veriblər.

Ulu Öndər Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Azərbaycan Prezidenti İlham Əliyev müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlara dövlətimiz tərəfindən birdəfəlik maddi yardımlar göstərilir. Müharibə veteranlarına qayğı, onlara maddi və mənəvi dəstək göstərilməsi SOCAR-da da diqqət mərkəzindədir.

Azvision.az


Teqlər: Neftçi   SOCAR  





Xəbər lenti