Azərbaycan və Belarusun elmi fəaliyyəti - FOTO

Azərbaycan və Belarusun elmi fəaliyyəti - FOTO
  23 Noyabr 2013    Oxunub:1485
Belarus Azərbaycana elm sahəsində əməkdaşlıq üzrə rəsmi sənəd imzalamağı təklif edir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakov ilə görüşüb.

AzVision.az xəbər verir ki, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə A.Əlizadə xatırladıb ki, 2007-ci ildə hər iki ölkənin elmlər akademiyaları və Belarus Fundamental Tədqiqatlar Fondu ilə əməkdaşlıq haqqında saziş imzalanıb. İndiyədək birgə tədqiqatlar aparılıb, mühüm nəticələr əldə edilib. Bu görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da uğurlu davamına və birgə elmi nəticələrə zəmin yaradacaq.

Akademik V.Qusakov bildirib ki, son illər əməkdaşlıq imkanlarının genişlənməsi nəzərə alınaraq müqavilənin yenidən işlənilməsinə ehtiyac var. Bu məqsədlə rəsmi sənədin imzalanması təklif olunub. Qonaq elm və texnologiya sahəsində müştərək innovativ tədqiqatların inkişafı üçün digər təklifləri də formalaşdırmağın məqsədəuyğunluğunu əlavə edib.

Görüşdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanın 2-ci peykinin kosmosa çıxarılması üzərində iş getdiyini, gələcəkdə Belarus peykinin imkanlarından elmi istiqamətdə yararlanmaq fikrini ifadə edib. AMEA-nın akademik katibi, müxbir üzvü Rasim Əliquliyev informasiya texnologiyaları sahəsində Belarusun böyük təcrübəsinə bələd olduğunu söyləyib. Belaruslu alimlərlə kosmik sahədə birgə elmi tədqiqatlar aparmaq üçün imkanlar müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Azərbaycanda elmin inkişafı konsepsiyası və bu sahə üzrə prioritetlərdən danışıb.

Sonda V.Qusakov əməkdaşlıq çərçivəsində AMEA rəhbərliyini Belarusa səfərə dəvət edib.


Teqlər:  





Xəbər lenti