`Baku 2015` loqosu `Atletiko Madrid`in formasında – FOTOLAR

`Baku 2015` loqosu `Atletiko Madrid`in formasında – FOTOLAR
  23 Noyabr 2013    Oxunub:1734
Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu `Atletiko Madrid`in idman formasında əks olunacaq.

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının bu gün təqdim olunmuş loqosu İspaniyanın "Atletiko Madrid" klubunun futbolçularının formasını bəzəyəcək.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, İspaniya La Liqasının növbəti turu çərçivəsində "Visente Kalderon" stadionunda "Hetafe" komandasına qarşı oyuna "Atletiko Madrid" futnolçuları məhz həmin formalarla çıxacaqlar.

Azərbaycanla strateji müttəfiqliyinin tərkib hissəsi kimi İspaniya klubunun birinci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək üçün oyunda Bakı 2015 loqosu göstəriləcək.

Qeyd edək ki, 2015-ci ilin iyun ayında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarının rəsmi loqosu bu gün eyni vaxtda Bakı, Roma və Madriddə təqdim edilib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib: "Biz ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur və Avropanın hər yerindən 2015-ci ildə keçiriləcək bu tarixi tədbirə gələcək bütün atlet və qonaqları salamlayırıq. Bizim loqomuz xalqımızın idman irsindən qürur duyması, qonaqpərvərliyə sədaqətimiz, qonaqlarımızı qarşılamağımız və həm Avropada, həm də ondan kənarda ölkəmizin inkişaf etməkdə olan idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir".

Azərbaycanlı loqo tərtibatçısı Adəm Yunisov bildirib: "Mən bununla Azərbaycan xalqının birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etmək, fikirdə və idmanda yenilikçi və ilhamlandırıcı olmaq istədim. Bu həmin ideyanı əks etdirən əlamətdar bir loqodur".

Loqo Romada keçirilmiş 42-ci Avropa Olimpiya Komitəsinin Ümumi Yığıncağında təqdim edilib və AOK Prezidenti Patrik Hikinin fikrincə, Oyunlara hazırlıq istiqamətində başqa vacib bir mərhələni ifadə edir.

Qalereya




Teqlər:  





Xəbər lenti