Bakıda ingilisləri gözləyən 3 real təhlükə - VİDEOKÖŞƏ

   Bakıda ingilisləri gözləyən 3 real təhlükə -    VİDEOKÖŞƏ
  16 May 2019    Oxunub:12100
Neçə gündür Britaniyanın Xarici İşlər Nazirliyinin mənasız cəhdlərinə baxanda adamın ürəyi ağrıyır. Ha istəyirlər ki, Bakının ingilislər üçün təhlükəli olduğuna dair nəsə bir arqument tapıb-çıxarsınlar, alınmır.
Necə də alınsın axı? Bakıda və Londonda baş verən terror aktlarını, hər min nəfərə düşən qətllərin sayını, digər kriminal statistikaları heç müqayisə eləmək də mümkün deyil. Ona görə də, “Forin Offis” ağır daşdan yapıdığı üçün, zora düşüb. Hıqqanır, amma ortaya bir şey çıxara bilmir. Göstərə bildiyi ən qorxulu xortdan isə Bakıdakı cibgirlərdir. Come on!.. Adam vaxtilə dünyanı barmağına dolamış qos-qoca ingilis diplomatiyasının bu aciz durumuna lap ağlamaq istəyir.

Ona görə də, “Forin Offis”ə məsləhət vermək kimi çıxmasın, mən qərara gəldim ki, Bakıda ingilisləri gözləyən 3 real təhlükəni onlar üçün sadalayım. Bəlkə bunlardan danışsalar, hörmətli ingilislər doğrudan da qorxar və Bakıya gəlməzlər.



1. Bakıda pivəni noxudla içirlər

Bahalı pivəni elitar snack ilə içməyə adət eləmiş tələbkar ingilis mədəsi bu klassik Azərbaycan adətinə necə reaksiya verəcək? Bir əlində pivə, qabağındakı kasada isə noxud ilə “Liverpul”a azarkeşlik edən ingilis lordunu təsəvvür edin. Adam axşam oteldə uzanıb, həzm sistemi isə özünü 1947-ci ilin Hindistanı kimi aparır. Bağırsaqlarında baş verən daxili iğtişaşlardan əsəbləşən kübar ingilis xidmətçisinin üstünə qışqırır:
- Damn! What the hell was this, Barrymore?
Berrimor isə əsl ingilis xidmətçisinə yaraşan təmkinlə cavab verir:
- Noxud, sir!

2. Bakıda ağcaqanadlar var

Aprelin ortalarından başlayaraq, ingilis fumiqatorlarından qorxmayan mutant ağcaqanadlar Bakıda xarici turistlərə toy tuturlar. İngilis moskitlərindən fərqli olaraq, bunların səsi saksofon yox, zurna səsinə daha yaxındır. Ona görə, əsəbləri daha pis korlayır. Çevikdirlər və zərbənin altından vaxtında evakuasiya oluna bilirlər. Bu səbəbdən, dünyanın ən travmatik ağcaqanadları hesab olunurlar. Babanız Ceyms Kukun Avstraliya sahillərində çəkdiyi müsibət bunun yanında toya getməli olacaq.

3. Xaricilərlə nikahın bütün növlərinə maraq böyükdür

Tamamilə mümkündür ki, Bakıda kimsə sizinlə, yaxud, ailə üzvlərinizlə evlənmək istəsin. Çünki ölkədə bir qrup adam, xüsusilə müxalifətçi var ki, xaricə köçmək üçün hər şeyə hazırdırlar, hətta 60 yaşlı keçəl, yekaqarın ingilis azarkeşinə ərə getməyə də. Hələ bundan da betərini eləyənlər var. Ona görə, ehtiyatlı olun.
Yox, əgər kimsə sizin qızınıza elçi gəlsə, onda sadəcə “no” deyin, çıxıb gedəcək. Bu səhnə hətta ölkədə ən populyar folklor növü olan meyxanada da əksini tapıb:
“İngilisin qızına elçi gəlmişəm,
Bir dənə denən “no”, çıxım gedim mən”.

Bax, bu 3 təhlükədən özünüzü qoruya biləcəyinizə əminsinizsə, onda sizə zaval yoxdur, Wellcome to Baku!

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Britaniya   İngilis-turistlər  





Xəbər lenti